Rus polisi öldürən azərbaycanlının bacısı: “Məni boğmaqla hədələdilər”
3 May 2016 17:18 (UTC+04:00)
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saxlanılanlardan Roman Fətəliyevin bacısı dindirilmələrdə qardaşını "satmasa" onu həbs etmək və boğmaqla hədələdiklərini bildirib.
Keçmiş polis rəisi Andrey Qoştun ölüm faktı ilə bağlı saxlanılanların yaxınları artıq bir neçə gündür ki müntəzəm olaraq sorğulara aparılırlar. Şübhəlilərdən birinin bacısı Elmira Fətəliyeva onlara qarşı hələ saxlanma zamanı kobud davranıldığını deyib.
"Saxlanmanı təkcə mən görmüşəm. Onu elə astanadaca tutdular, məni isə başı aşağı itələdilər", - deyə Elmira bildirib.
Onun sözlərinə görə, dindirilmələrdə hüquq mühafizəçiləri çərçivədən kənara çıxmağa başlayıblar: "İlk sorğuda müstəntiqlər mənə təzyiq edirdilər. Mən bu zamana qədər dindirilmələrə getməmişəm. Dünən isə onlardan biri mənə "Mən səni Sızrana aparacağam. Orada 2-3 sutka qalacaqsan" deyərək qışqırmağa başladı. Sonra o, kiməsə zəng vurub indi boğmağa başlayacağıq dedi. Mən qorxdum. Axı mən nə etmişəm ki, məni boğmaq lazım olsun? Həmin şəxs "Etiraf et ki, sən hər şeyi bilirdin" deyərək davam edirdi".
Fətəliyeva bildirib ki, hədələrə cavab olaraq bildiyi hər şeyi kütləvi informasiya vasitələrinə danışacağını deyib və bundan sonra hədə-qorxular dayanıb.
Xatırladaq ki, aprelin 23-dən 24-ə keçən gecə Andrey Qoşt və onun yaxınları İvaşevka kəndində öldürülüblər. Cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Dördüncü şübhəli isə ölkədən qaça bilib. Məhkəmə bütün saxlanılanları iyulun 2-nə kimi həbs edib.
Aydan