Rüfət Səfərovun ev dustaqlığının müddəti üç ay artırıldı - Yenilənib

4 May 2016 12:55 (UTC+04:00)

Bu barədə R. Səfərov özü məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov R. Səfərovu bu gün Binəqədi Rayon Məhkəməsinə dəvət edib: "İstintaqdan dörd ay keçdiyi üçün yenidən ibtidai istintaqın müddətini uzadırlar".

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

APA.az

10:51
***

Binəqədi Rayon Məhkəməsində hazırda ev dustaqlığında olan sabiq müstəntiq Rüfət Səfərovun barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, özü və R.Səfərov vəsatətə etiraz etməyib.

Məhkəmə istintaq müddətinin 3 ay müddətində artırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Report.az