İran Azərbaycanda oxuyan tələbələri ittiham etdi
16 Noyabr 2012 14:00 (UTC+04:00)
İranda mövcud qanunvericiliyə görə, kəşfiyyat orqanlarının təhsil müəssisəsində toplantılar keçirməsi qadağan olsa da, ETTELAAT, yəni İran Kəşfiyyat Nazirliyi Təbriz Universitetində tələbələrlə gizli iclas keçirib.
AzNews.az-a daxil olan məlumata görə iclasda təhlükəsizlik və anti-casusluq məsələləri ətrafında söhbət aparılıb. ETTELAAT əməkdaşları tələbələri milli hərəkatda hansısa formada iştirakdan çəkinməyə çağıraraq, bunun onların gələcək təhsil və şəxsi həyatlarına mənfi təsir göstərəcəyini vurğulayıblar. Maraqlı məqamlardan biri də iclasda ad çəkilməsə də, xarici ölkələrə ali təhsil almaq üçün gedən gənclərin ölkənin milli mənafeyinə zərbə vurmaqda günahlandırılması olub.
Qeyd edək ki, təhsil üçün güneyli tələbələrin üz tutduğu ölkələr əsasən Azərbaycan və Türkiyədir. Başqa bir məlumata görə, doktor Ajidə adlı şəxs universitetə rektor təyin edildikdən sonra bu qəbildən olan iclasların sayı artıb.
Alpər Oğuz
AzNews.az