DİN-dən polislərin döyərək öldürdüyü deyilən şəxs haqda - Açıqlama

5 May 2016 17:39 (UTC+04:00)
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzNews.az-a açıqlamasında bildirib ki, sözügedən şəxs polis bölməsinə aparılarkən sərxoş olub: "Aprelin 27-də axşam saatlarında 21-ci məhəlləyə yaxın ərazidəki kafelərdən birinin yaxınlığında sərxoş halda olan bir şəxsin dava-dalaş salaraq ətrafdakı insanları təhqir etməsi, onlara və nəqliyyat vasitələrinə daş atması barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olub. Məlumatla əlaqədar ərazidə xidmət aparan PPX əməkdaşları hadisə yerinə gəliblər və bu zaman həmin şəxsin özündən gedərək yerə yıxılmasının şahidi olublar. Az sonra özünə gələn həmin adam yenidən anoloji hərəkətləri təkrarladıqda oraya yığışanların təhlükəsizliyini təmin etmək üçün, həmçinin, vətədaşların onu sakitləşdirmək barədə xahişlərini nəzərə alan əməkdaşlar özünü idarə edə bilməyən və sərxoş olan bu adamı iddiaların tam əksinə olaraq, qandallanmış halda deyil, xidməti avtomobilə əyləşdirib 4-cü PB-nə aparıblar, lakin elə yoldaca həmin şəxsin vəziyyəti yenidən pisləşib. Bölməyə gətiriləndən bir neçə dəqiqə sonra o, polis tərəfindən çağırılan təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb.

Digər tərəfdən, hazırda polis bölmələri, rayon, şəhər şöbə və idarələri müasir informasiya texnologiyalarının ən son nailiyyətləri, təhlükəsizlik kameraları ilə o dərəcədə təmin ediliblər, ərazi polis orqanlarına DİN-in, prokurorluğun, Ombudsman Aparatının və vətəndaş cəmiyyəti institutlarının nəzarəti o qədər güclüdür ki, orada vətəndaşlara qarşı hər hansı fiziki təzyiqin göstərilməsi praktiki cəhətdən mümkünsüzdür. Aidiyyatı bölmənin kamera görüntülərinə qısa bir nəzər salıb n Rəşad Mehdiyevin döyülməsi barədə spekulyasiyalara son qoyulmasını, bu şəxsin PB-yə gətirilməsi ilə oradan aparılması arasında bir neçə dəqiqəlik zaman fərqinin olduğuna əmin olmaq kifayət edər.

Bir də ki polis əməkdaşları olumla ölüm arasında qalmış bir zavallını niyə döyməlidir və ya onun ölümünə səbəb olmalıdır?"

O.Mansurzadə R.Mehdiyev xəstəxanaya daxil olduqdan təqribən iki gün sonra, aprelin 29-da beyninə qan sızmasından vəfat etdiyini deyib.

Qeyd edək ki, Elşən Mehdiyev Azadlıq radiosuna müraciət edərək qardaşı Rəşad Mehdiyevin polis bölməsində işgəncə verilərək öldürüldüyünü iddia edib. Həmin məlumatı BURADAN oxuya bilərsiniz.