“BQXK azərbaycanlı girovların azad olunması üçün səylərini artırmalıdır“- Xələf Xələfov
5 May 2016 22:52 (UTC+04:00)
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrə şəhərində BQXK-nın prezidenti Peter Maurer ilə baş tutan görüşdə deyib.
BQXK-nın prezidenti P.Maurer isə öz növbəsində təmsil etdiyi təşkilatın Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyəti ilə mütəmadi olaraq maraqlandığını və bu istiqamətdə BQXK-nın mandatına uyğun olaraq öz humanitar fəaliyyətlərini davam etdirəcəklərini bildirdi.
Görüşdə həmçinin Azərbaycan və BQXK arasındakı mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı X.Xələfov 2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın Azərbaycan silahlı qüvvələri ilə təmas xətti boyunca yerləşən ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini hədəf alaraq ağır silahlardan davamlı atəşə tutduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin ağır artilleriya hücumları nəticəsində xeyli sayda hərbi və mülki şəxslərin həlak olduğu və yaralandığı, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.
Eyni zamanda, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin 10 aprel 2016-cı il tarixində tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyi qeyd olundu.
BQXK prezidenti isə Azərbaycan ilə BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. P.Maurer, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz siyasi həllini tapacağına ümid etdiyini vurğuladı.
Anspress.com