Ermənistan qondarma respublikanın tanınmasına niyə risk etmir?

7 May 2016 09:50 (UTC+04:00)

İşğalçı ölkənin hakimiyyətinin belə bir addım atmasının səbəbləri barədə müxtəlif fikirlər, şərhlər verilir.

Deputat Aydın Mirzəzadə Ermənistan hakimiyyətinin hərəkətinin gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanı bununla təhdid edirdi. Ancaq artıq bir daha bəlli oldu ki, işğalçı ölkənin bundan sonrakı təhdidləri də eynilə bu cür rüsvayçılıqla yekunlaşacaq: "Azərbaycan ordusunun 2-5 aprel tarixində apardığı hərbi əməliyyatlar Ermənistanın qalib mifini dağıtdı. Bu gün Ermənistan rəhbərliyi bir tərəfdən düşdüyü ağır vəziyyətdən çıxış yolu axtarır, digər tərəfdən isə cəmiyyətdə hələ də bir qüvvə olduğu ilə bağlı təəssürat yaratmağa çalışır. Buna görə də onun atdığı addımlar ziddiyyət təşkil edir. Həmçinin paralel olaraq Azərbaycana siyasi təzyiq göstərməyə çalışır.

Hamıya aydındır ki, Ermənistan heç zaman Qarabağdakı rejimi müstəqil dövlət kimi tanımayacaq. Buna onun siyasi cəsarəti çatmaz. Bununla Ermənistan özünü ifşa etmiş olar və Azərbaycanın danışıqlardan çıxmasına səbəb ola, birbaşa hərbi əməliyyatlar aparmaq üçün yolunu açar. Ermənistan asılı olduğu xaricdəki dairələrlə də bu məsələni razılaşdırmamışdı. Buna görə də Ermənistanın geri çəkilməsi gözlənilən idi".

Politoloq Natiq Miri isə bildirdi ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi müxalifətdə olan iki deputat tərəfindən qaldırılmışdı: "Müxalifət belə bir təşəbbüsü qaldırmaqla Ermənistandakı hakim rejimin arqumentlərini tamamilə əlindən almağı qarşısına əsas məqsəd qoymuşdu. O təşəbbüsü qaldıran deputatların özləri də, hər halda, bilirdilər ki, Sərkisyan hakimiyyəti indiki vaxtda "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini parlamentin müzakirəsinə çıxarmayacaq. Müxalifət, sadəcə olaraq, hakimiyyətin arqumentsiz olduğuna ictimaiyyətdə rəy yaratmaq istədi. Məlum layihənin ortalığa atılması Sərkisyan rejimini çətin durumla üz-üzə qoydu. Sərkisyan öncə həmin layihənin hökumətdən müsbət rəy aldığını elan etdirməklə beynəlxalq rəyi, Azərbaycanın reaksiyasının necə olacağını öyrənməyə çalışdı. Ancaq bir gün keçdikdən sonra özünün qorxduğunu nümayiş etdirdi".

Politoloqun fikrincə, Ermənistan hakimiyyəti qondarma "Dağlıq Qarabağ Respublikasının müstəqilliyi"ni tanımamaqla Azərbaycana fürsət vermək istəmədi: "Ermənistan parlamenti məsələni müzakirəyə çıxarıb "hə" cavabı versəydi, Azərbaycanın işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi əməliyyatlara başlaması üçün əsas yaratmış olacaqdı, heç bir beynəlxalq təşkilat və dövlətin bundan sonra haqqı olmayacaqdı ki, Azərbaycana "hərbi əməliyyatlara əsas yoxdur, hərbi əməliyyatları dayandır" çağırışını etsin. Bu baxımdan hesab edirəm ki, əslində Azərbaycan bir böyük fürsətdən məhrum oldu. Azərbaycan həm hərbi, həm diplomatik cəhətdən iş aparmaqla gərək İrəvanı yanlış addım atmağa sürükləyəydi ki, istədiyimiz fürsət yaransın".

N.Miri onu da qeyd etdi ki, Rusiyanın Ermənistanın separatçı Dağlıq Qarabağ rejiminin "müstəqilliyi"ni tanımasını məqsədəuyğun hesab etməməsi də İrəvana öz təsirini göstərdi.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə mayın 6-da keçirdiyi ənənəvi brifinqdə deyib ki, Dağlıq Qarabağ məsələsi istisnasız olaraq danışıqlar yolu ilə həll olunmalıdır.

Ekspertlər Zaxarovanın "Dağlıq Qarabağın statusunun hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə əsasında müəyyənləşdirilməsi" fikrinin əslində referendum demək olduğunu və Azərbaycanın maraqlarına xidmət etmədiyini şərh edirlər
Zaxarova eyni zamanda deyib ki, yaxın həftələrdə həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır. Görüşün yeri, vaxtı və formatı barədə hələlik qərar qəbul olunmayıb: "Ən əsası odur ki, görüşün nəticəsi necə ola bilər. Ona görə də, hansısa tarixdən danışmaq hələ tezdir. Lakin bir daha qeyd edirəm ki, bu görüş üzərində olduqca aktiv iş aparılır. Söhbət yaxın həftələrdə görüşün keçiriləcəyindən gedir.

Bizim üçün əsas olan paytaxtlarda nəyin deyilməsidir. Biz bu və ya digər tərəfdən təşəbbüslər, addımlar görürük və bu addımlar KİV-də hazır qərar və aqressiv fəaliyyət kimi təqdim edilir. Dərhal KİV-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, danışıqlar prosesinin sona çatması ilə bağlı nəzəriyyələr, fərziyyələr qurulur.

Biz konkret olaraq tərəflərlə və həmsədrlərlə işləyirik. Sizi əmin edə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq səviyyədə çox aktiv "beyin fırtınası" gedir. Münaqişənin nizamlanması ilə bağlı heç bur durğunluq yoxdur".

Müdafiə Nazirliyindən Ermənistana "müharibə labüddür" xəbərdarlığı

Ermənistan hakimiyyəti son günlər dünyaya car çəkir ki, Azərbaycan cəbhə xətti boyunca hərbi texnikanın, canlı qüvvənin sayını çoxaldır və mayın 8-9-da hərbi əməliyyatlara başlayacaq. Mayın 6-da Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun mayın 8-9-da hücuma keçəcəyi barədə deyilənlərə münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan kriminal hərbi-siyasi rejimi BMT Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır: "Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər. Məşhur bir kəlamda deyildiyi kimi, ölümü gözləmək ölümün özündən daha dəhşətlidir. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar".

Bu arada dünən Ermənistan mətbuatında məlumat yayılıb ki, Azərbaycan ordusunun endirdiyi minomyot zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki mövqelərindən birində blindaj əsgərlərin başına uçub, 2 əsgər ölüb. Blindajda ölən erməni hərbçiləri Koryun Arutyunyan və İqor Akopyandır. Akopyan Ermənistanın Geqarkunik vilayətinin Getaşen kəndindəndir. Kənd administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib ki, 19 yaşlı Akopyan mayın 3-də ölüb. Müdafiə Nazirliyi əsgərin "blindajın uçması nəticəsində öldüyünü" valideyinlərinə çatdırıb. İnsident Qarabağdakı erməni mövqelərindən birində baş verib.

Blindajda ölən digər əsgər, 19 yaşlı Koryun Arutyunyan isə Geqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırılıb, Azərbaycanın işğal altındakı ərazilərinə göndərilib.

Ermənistan Müdafiə Nazirliyi bu insident barədə susub. Mayın 4-də Ermənistanın İstintaq Komitəsi insident barədə aşağıdakı qısa məlumatı yayıb: "Mayın 3-də, gecə yarısına yaxın N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular İqor Akopyanın və Koryun Arutyunyanın cəsədləri tapılıb. Vizual baxış zamanı onların cəsədi üzərində güllə, qəlpə yaraları, zorakılıq əlamətləri aşkar edilməyib. İnsidentlə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir".

Ohanyan: "Rusiya Ermənistana başqa ölkələrdən silah almağa icazə vermir"

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın isə Rusiyanın Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermədiyini dolayısı ilə bildirdiyi haqda xəbərlər yayılıb. Ermənistanın "Aykakan Jamanak" qəzeti yazıb ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın deputatlarla qapalı görüşü zamanı ona niyə təkcə Rusiyadan silah alınması ilə bağlı sual ünvanlanıb. S.Ohanyan isə dolayı şəkildə nəzərə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir. O, həmçinin qeyd edib ki, indiyə kimi Ermənistan silahı Rusiyadan alıb və belə davam etmək fikrindədir.



ABŞ səfirindən böyük sülh sazişi açıqlaması

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə dünən jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair böyük sülh sazişi üzərində işi vacib hesab edir.

Səfir deyib: "Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərlə danışıqlar aparırlar ki, böyük sülh sazişi üzərində işə başlasın. Hesab edirəm ki, indiki mərhələdə atəşkəsə əməl olunması, vəziyyəti daha gərgin edə biləcək addımlardan imtina və eyni zamanda böyük sülh sazişi üzərində birgə iş çox vacibdir".

Onun sözlərinə görə, bu vəziyyət dövlət katibi Con Kerrinin diqqət mərkəzindədir: "Eyni zamanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və sülh sazişinə nail olmaq üçün səylərini əsirgəmir. Hesab edirəm ki, hamı hazırda məhz bu istiqamətdə səy göstərməlidir".

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə təmas xəttində gərginliyin davam etməsi ilə bağlı dünən bildirib ki, Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın mövqeyi ondan ibarətdir ki, tərəflər atəşkəs sazişinə ciddi şəkildə əməl etməli, hərtərəfli sülhə nail olmaq üçün dərhal danışıqlara gəlməlidirlər. Münaqişəsinin hərbi yolla həlli yoxdur.



Xarici səfirlər cəbhə xəttində

Mayın 6-da Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Tərtər və Ağdama səfəri təşkil edilib.
XİN-dən verilən məlumata görə, nümayəndə heyətində Türkiyə, Rumıniya, Rusiya, Pakistan, İtaliya, Norveç, Əfqanıstan, Fələstin, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfinin müavini də təmsil olunur.

Diplomatlar öncə Tərtərin Qapanlı kəndində olublar. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. İH başçısı nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.

Daha sonra ermənilərin atdığı mərmilərdən birinin dağıtdığı, kənd sakini İlqar Məmmədovun evinə baxış keçirilib.



Ağdamda isə diplomatları Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qarşılayıb. Onlara aprel ayında erməni hərbi birləşmələrinin yaşayış məntəqələrinin atəşə tutması barədə məlumat verilib. Daha sonra nümayəndə heyəti ermənilər tərəfindən atılan mərminin dağıtdığı Sarıcalı kənd orta məktəbində olublar. Diplomatlar, həmçinin erməni silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalan Mahrızlı, Zəngişalı, Çəmənli kəndlərində olublar.

Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.

Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

Musavat.com