Bakıda qətl - Əmisi oğlunu bıçaqladı

8 May 2016 17:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsində-metronun "Həzi Aslanov" stansiyasının qarşısında qeydə alınıb. Masallı rayon sakini 1977-ci il təvəllüdlü Musa Nurulla oğlu Nurullayevlə əmisi oğlu arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və Musanın əmisi oğlu ona döş qəfəsindən bıçaq zərbəsi endirib. M.Nurullayev aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutularaq istintaqa cəlb edilib.

Qətl şəxsi mübahisə zəminində baş verib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.