90 saylı dairədən deputatlığa namizədlərin - Adları

10 May 2016 18:59 (UTC+04:00)


Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. O bildirib ki, hazırda bu dairədən 8 nəfər deputatlığa namizədliyini irəli sürüb və onlara imza vərəqləri verilib: "Namizədlərin ikisi siyasi partiya üzvüdür. Digərləri isə bitərəf kimi seçkiyə qatılıblar. Belə ki, YAP-dan rayon təşkilat sədri Cavid Osmanov, Ümid Partiyasından sədr İqbal Ağazadə, bitərəf kimi isə Bəybala Əliyev, Rəşid Gözəlov, Əli Haqverdiyev, Səidə Hüseynova, Anar İbrahimli, Əlamət Əhmədovadır".

Xatırladaq ki, hazırda həbsdə REAL Hərəkatının sədri İlqar Məmmədov də bu dairədən deputatlığa namizədliyini irəli sürmüş, lakin barəsində məhkəmə hökmü olduğu üçün o, passiv seçki hüququnu itirmişdi.

Qeyd edək ki, prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyası da (MSK) həmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Lent.az