AZAL-da yoxlama aparılıb

11 May 2016 23:38 (UTC+04:00)

Palatadan AzNews.az-a verilən məlumata görə, Kollegiya iclasında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna, dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları da təsdiq edilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş, eyni zamanda, Hesablama Palatasına tövsiyə edilmiş tədbirlərin icrası ilə bağlı fəaliyyət, həmçinin bir sıra digər cari məsələlər də müzakirə edilib, müvafiq tapşırıqlar verilib.