Magistratura ilə bağlı maddə “Elm haqqında” qanun layihəsindən çıxarıldı

16 May 2016 13:55 (UTC+04:00)

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Magistratura təhsilinin iki istiqamət üzrə aparılmasını əhəmiyyətli hesab edən İ.Həbibbəyli əlavə edib ki, "Elm haqqında" qanun layihəsinin II oxunuş üçün yenidən müzakirələri zamanı həmin maddənin layihədən çıxarılması qərarına gəlinib: "Bu maddə əhəmiyyətli olsa da, "Elm haqqında" qanun layihəsi üçün əhəmiyyətli deyil, "Təhsil haqqında" qanuna daxil edilməlidir. Ona görə də bunu "Təhsil haqqında" qanuna əlavə və düzəlişlər kimi etmək fikrindəyik".

Komitə sədri layihənin mükəmməl, azərbaycançılığa söykənən ideoloji bazasının olduğunu da söyləyib.

İ.Həbibbəyli bildirib ki, layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: "Layihənin birinci oxunuş üçün variantı 1 il bundan əvvəl hazırlanmışdı. Layihənin yeni variantında dünyada gedən proseslər geniş mənada öz əksini tapıb. İlk dəfədir ki, layihədə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Layihədə ilk dəfə olaraq, AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Elmlər doktoru elmi dərəcə olsa da, AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi. Ona görə də bu məsələ layihəyə daxil edilib".

Xatırladaq ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

"Elm haqqında" qanun layihəsinin bundan əvvəlki variantına görə, magistratura pilləsində təhsil peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri üzrə həyata keçirilir. Tədqiqat magistri dərəcsinə malik olan şəxslərə elmi tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq, doktoranturaya daxil olmaq üstünlüyü verilir. Qanun layihəsinin yeni variantında elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də çıxarılıb.