“Aprel döyüşlərində 800 hektar ərazi itirdik…” – Sarkisyandan etiraf

17 May 2016 16:25 (UTC+04:00)

Bunu Vyana danışıqlarından qayıdarkən təyyarədə erməni jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib. Lakin o əlavə edib ki, bu ərazilər strateji və taktiki baxımdan əhəmiyyət daşımırdı:

"Təhlükəsizlik zonası qismində 800 min hektara nəzarət edən erməni qüvvələri 800 hektar itirdilər. Strateji baxımdan bu ərazilərin heç bir əhəmiyyəti yoxdur, lakin psixoloji baxımdan azərbaycanlılar öz xalqlarını hansısa uğura nail olduqlarına inandıra bilərlər".

Ermənistan prezidenti deyib ki, bu əraziləri geri qaytarmaqdan ötrü 30-40, yaxud 80 "patriotu" qurban verməyə dəyməzdi.

Bununla yanaşı Sarkisyan qeyd edib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatlara başlamaqda ittiham edib. O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin araşdırılması üzrə mexanizmlərin tətbiqi haqqında təkliflə razılaşıb.

Azpolitika.info