“İqtidarla müxalifət mütləq birləşməlidir”

19 Noyabr 2012 08:57 (UTC+04:00)


ADP sədri Sərdar Cəlaloğlunun AzNews.az-a müsahibəsi:

- Sərdar bəy, Azərbaycan siyasətində bu gün baş verənləri necə şərh edərdiniz?

-Hakimiyyətdaxili qruplaşmaların Prezident seçkiləri ilə bağlı çox ciddi mübarizəsi başlayıb. Eyni zamanda da Azərbaycanı öz təsir dairəsində saxlayan xarici qüvvələr, xüsusən də Rusiya fəallaşıb. Çox güman ki, bu proseslər gələn ilin birinci rübündə daha da intensivləşəcək. İkinci rübündə isə özünün kulminasiya nöqtəsinə çatacaq. Azərbaycanda çox ciddi təhlükəli sosial kataklizmlər gözlənilir.

- Bunu Azərbaycan müxalifətinin meydanı boş qoyması ilə izah etmək olarmı?

-Xeyr. Bu 20 ildə Azərbaycan hakimiyyətinin apardığı antidemokratik, qeyri-qanuni siyasət və beynəlxalq ictimaiyyətin də gözləmə mövqeyi tutmasının nəticəsidir. Bunlar Azərbaycanda demək olar ki, müxalifətin tamamilə siyasi səhnədən sıxışdırılıb çıxarılmasına gətirib çıxarıb. Müxalifətin resursları əlindən alınıb, ictimai rəydən kənarda saxlanılıb, xalqla əlaqələri kəsilib. Əslində bu gün siyasi səhnədə kriminallaşmış qrupların mübarizəsi gedir, yəni siyasi müstəvi daralıb. Bütün mübarizə kriminal müstəvidə getdiyindən orada müxalifətin bu və ya digər formada rolu yoxdur.

-Müxalifətin meydanı boş qoymadığını iddia edirsiniz. O zaman belə başa düşülməlidir ki, hakimiyyət daxili və xarici faktorlara meydana nüfuz üçün imkan yaradıb?

-İndiyə kimi hakimiyyətdaxili intriqalar maddi, iqtisadi maraqlar ətrafında olduğundan çox geniş qruplaşma əmələ gəlmirdi və siyasi nəticələri də yox idi. İndi isə həm də siyasi maraqlar uğrunda mübarizə getdiyindən artıq hakimiyyətin öz daxilində ikiləşmə baş verib və bu tərəflər xarici havadarlarını arxasına alıb Azərbaycanı çox təhlükəli bir məcraya sürükləyirlər. Belə bir anda 20 il müddətində gücdən salınan Azərbaycan müxalifətinin də siyasi hadisələrə nüfuz etməməsi baş verə biləcək hadisələrdən özünü kənarda saxlayır.

- İnqilabların baş verdiyi ölkələrdə müxalifətə imkan yaradılır ki?

-Ərəb ölkələrinin nəzərdə tutursunuzsa, orda vəziyyət fərqli idi. Azərbaycanda da proseslər həmin ssenari üzrə inkişaf edir. Mən təsadüfən demirəm ki, Azərbaycanda çox ciddi sosial kataklizmlər gözlənilir. Ola bilsin ki, o zaman müxalifət də ortaya çıxacaq. Amma indiki halda əgər biz demokratik seçkidən danışırıqsa, gərək müxalifət həmin hadisələr baş verənə qədər ortaya çıxa, öz birliyini ortaya qoya, xalqı öz arxasınca apara, yeni hakimiyyətin iddiaçısı kimi çıxış edə və yeni hakimiyyətin xalqı indikindən daha yaxşı idarə edəcəyinə inandıra bilə. Çox təəssüf ki, hələ də Azərbaycan müxalifəti, dağınıq bir vəziyyətdədir, olduqca arxayınlıq içərisindədir, baş verən hadisələrə də nüfuz etmək iqtidarında deyil.

- Həm müxalifətdaxili inteqrasiya, həm də hakimiyyətlə müxalifətin münasibətləri
baxımından uzun illərdir "malı", "məli" modal şəkilçilərini eşidirik. Bundan qurtarmağın zamanı çatacaqmı?


-Müxalifətlə hakimiyyət bir-birinin əksidir də, guya, siz iqtidarla müxalifəti bir-birindən ayrılıqda təsəvvür edirsiniz. İqtidarla müxalifət dialektik vəhdətdə olan tərəflərdir. Tərəflərdən biri inkişaf edirsə, digəri də inkişaf edir. Yaxud da əksinə, tərəflərdən biri inkişafdan qalırsa, digər tərəfi də inkişaf etmir. Azərbaycan iqtidarı hansı gündədirsə, müxalifəti də o gündədir. Müxalifətdə dağılma, parçalanma olduğu kimi iqtidarda da eyni proseslər gedir. Azərbaycan müxalifəti siyasi hadisələrə nüfuz edə bilmirsə, heç hakimiyyət də edə bilmir. Azərbaycan hakimiyyəti qarşıdan gələn çox ciddi siyasi hadisələrə qeyri-adekvat addımlar atır. Müxalifət də eynilə.

- Dediklərinizdən bəlli olur ki, Moskvada bir təşkilatda birləşən qüvvələr iqtidarla müxalifətə eyni dərəcədə rəqibdir.

-Bu qrupun yaradılması hakimiyyətdəki müəyyən dairələrin maraqlarına uyğundur. Ona görə də çox qısa müddətdə Azərbaycanda da onların tərəfdarları meydana çıxacaq. Azərbaycan müxalifətində də rusiyapərəstlər istisna olmaqla qalan bütün demokratik qüvvələrin Moskvada ortaya çıxan qüvvələr əleyhinədir.
-Onlara qarşı mübarizədə iqtidarla müxalifətin maraqları üst-üstə düşə bilərmi?
-Hər iki tərəfdə milli maraq, dövlətçilik hissi olsa, iqtidarla müxalifət mütləq birləşməlidir. Birgə Azərbaycanın suverenliyinə xaricdən gələn zərbələr neytrallaşdırılmalıdır. Amma çox təəssüf ki, bu iradə əvvəla Azərbaycan iqtidarında yoxdur. Hakimiyyət birinci olaraq birlik üçün addım atmalıdır. Müxalifətə gəlincə, məşhur bir misalda olduğu kimi, "ölən eşşəyin nalını çıxarmaqla" məşğuldur. Yəni müxalifət də gözləyir ki, kimsə nəsə eləsin Azərbaycan iqtidarı dağılıb, parçalansın, o da oradan bəhrə götürsün. Bu da milli maraqlara xəyanət etmək deməkdir.

- Yaradılan ittifaqın xaricdən gələn təhlükə olduğunu düşünürsünüz?

-Təkcə bu ittifaq deyil, bütövlükdə Rusiyanın son vaxtlar Azərbaycanla bağlı atdığı addımların hamısını ölkəmizə qarşı çox ciddi təzyiq hesab edirəm. Bu aiddir Ramil Səfərovun Macarıstanda həbsdən azad edilməsinə. Bu Rusiyanın provakasiyasıdır. Eyni zamanda Rusiyanın raket qoşunlarını Azərbaycanın şimal sərhədlərinə cəmləməsini, sadvalçıların fəallaşdırılmasını, ermənilərin danışıqlardan geri çəkilməsini, Moskvada milyarderlərin bir araya gəlməsini Rusiyanın Azərbaycana qarşı məkirli addımlarının tərkib hissəsi olduğu birmənalıdır. Bundan sonra baş verənlər isə bu siyahını artıracaq. Ona görə ki, Rusiya dayanmayacaq. Biz də bizə qarşı atılan addımların qarşısını almalıyıq.

-2012-ci il başa çatır və növbəti ildə Prezident seçkilərinin keçiriləcəyi gözlənilir. Proseslərin gedişi müxalifətin bir araya gələcəyini iddia etməyə əsas verir?

-Əgər dövlətin və millətin taleyinin həll olunduğu bir vaxtda nə müxalifət, nə də iqtidar qarşılıqlı addım atmırsa, müxalifətin özü də təmərküzləşə bilmirsə, inanmıram ki, seçki prosesi müxalifəti bir araya gətirə bilsin. Yəni dövlətin taleyi məsələsi aktual olduğu bir məqamda müxalifət düşərgəsində hər ağızdan bir avaz gəlirsə, seçkidə müxalifətin bir araya gələcəyini düşünmürəm.

-Çıxışınız ciddi təhlükənin qaçılmaz olduğunu göstərir. Konkret olaraq hansı təhlükələrlə üz-üzəyik?

-Mən hələ xeyli müddət əvvəl demişdim ki, qarşıdan gələn seçki prosesi əvvəlkilərdən fərqlənəcək. Amerika, Avropa Birliyi Ermənistan Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyişdirilməsini istəyirlərsə, bu proses ilk növbədə siyasi status-kvonun dəyişməsindən keçir. Nə vaxta kimi Azərbaycan hakimiyyətində status-kvo qalacaq, o vaxta kimi Qarabağda status-kvo dəyişdirilə bilməz. Bu isə o deməkdir ki, hakimiyyətdəki müəyyən bir qanadın imkanları, imtiyazları məhdudlaşdırılmalı, yaxud da uzaqlaşdırılmalıdır. Həmin qanadın arxasında hansı dövlət durursa, o dövlət də öz tədbirlərini həyata keçirməyə başlayır. Rusiya isə status-kvonun dəyişməsini istəmir və onun bu gün bizə qarşı həyata keçirdiyi planı da bununla bağlıdır. Hansı təhlükənin gözləndiyinə gəlincə, Gürcüstanda Rusiyanın hansı oyunlardan çıxdığını gördük. Həmçinin bizim vəziyyətimizdə olan dövlətlərə qarşı Rusiyanın hansı addımlar atdığı da bəllidir.

Gültəkin Qəhrəmanlı
AzNews.az