Ermənilərin hədəfə aldığı Mingəçevirdən - Reportaj

20 May 2016 10:17 (UTC+04:00)

Bir neçə gün öncə Mingəçevir Su Elektrik Stansiyasında (SES) sızmanın olduğu haqda mətbuatda xəbərlər yayıldı. Guya torpaq dambalarında su sızmaları müşahidə olunub. Deyilənə görə, orada suyun artması müşahidə olunsa, müəyyən suallar çıxa bilər.

SES-də sızma ilə bağlı araşdırma aparılıb. Əməkdaşlarımızı SES-in ərazisinə daxil olmaq və son vəziyyətlə tanış etmək üçün şəhər rəhbərliyinin rəsmisi müşayiət edib.

Mingəçevir SES-lə bağlı şəhər icra hakimiyyətinin nümayəndəsi bildirib ki, bu xəbər yanlış anlaşılıb. Bələdçimizin sözlərinə görə, SES-də genişmiqyaslı sızmadan söhbət getmir. Sadəcə, dağlıq ərazidəki dambalarda müəyyən sızmalar yaranıb. Həmin sızmaların genişlənməsi ehtimalı yoxdur. Çünki su anbarında gündəlik monitorinqlər aparılır, hər hansı bir xırda sızma müəyyən olunduğu halda qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

RİH rəsmisi vurğulayıb ki, sonuncu dəfə belə sızma 3 il əvvəl baş verib və qarşısı alınıb. "Su anbarında xüsusi drenaj sistemi anbardakı suyun səviyyəsini daim nəzarətdə saxlamağa imkan verir. 3 il əvvəlki sızma 1 kilometr eni olan bəndin altında deyil, anbarın əhatə olunduğu dağ silsiləsinin alt hissəsində olub. Həmin sızmanın qarşısı uğurla alınıb. Bu gün su anbarından hər hansı bir sızma yoxdur" - RİH rəsmisi belə deyib. Əlavə edib ki, media sızma barədə deyilənləri panika şəklində çatdırıb ki, bu da narahatlıq doğurub: "Əslində, bu xəbər düzgün təqdim olunmayıb. Ona görə medianın xəbərlərindən agah olan Mingəçevir sakinləri də narahatlıq keçirib. Ancaq onlara izah eləmişik ki, qəti narahatlığa əsas yoxdur. Bu gün Mingəçevir SES ən yüksək səviyyədə mühafizə olunur və tam nəzarətdədir".



Bələdçimiz onu da əlavə edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Mingəçevir SES-i vuracağı ilə bağlı vaxtaşırı verdiyi bəyanatları da cəfəngdir: "Buradakı dəryaçanın uzunluğu 70 km, eni bəzi yerlərdə 13, bəzilərində isə 18 kilometrdir. Dəryaça dağ silsiləsi ilə əhatə olunub. Stansiyaya tərəf olan hissəsində qurulan bəndin eni 1 kilometrdir. Bu halda SES-in hədəfə alınması mümkün deyil. Heç kim narahat olmasın, burdan bir quş belə nəzarətsiz uça bilməz".

Stansiyanın tikintisinə 1945-ci ildə başlanıb, 1953-cü ildə ilk hidroaqreqat qurulub və 1 il sonra stansiya tam gücü ilə işə salınıb. Ümumilikdə isə bu stansiyanın tikilməsində 20 min insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10 minə yaxın alman hərbi əsiri bu stansiyanın quraşdırılmasına cəlb edilib. 6 hidroaqreqata malik olan Mingəçevir SES-in gücü 359 Mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvt/saat-dır.

Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir. O, işlənən materialların həcminə görə, həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.

* * *
Mingəçevirdə olarkən SES-dan ayrılıb şəhər istiqamətinə yollandıq və şəhər icra hakimiyyətinin hansı işlər görməsini araşdırdıq. Amma ondan qabaq xüsusi qeyd etməliyik ki, şəhərin böyük turizm potensialı var. Mingəçevirə təşrif buyuranlar ilk baxışda şəhərdən Tiflisin təəssüratını ala bilər.



Şəhərdə sakitlik, yaşıllıq var, Kür çayı Mingəçevirin tən ortasından keçir. Şəhəri iki hissəyə ayıran Kür qırağında hotellər, restoranlar, parklar salınıb, çay üzərində kanat quraşdırılıb. Amma bu cür imkanlara rəğmən Mingəçevirdə turist gözə dəymir. Yerli sakinlər bunu hotellərin bahalığı ilə izah edirlər. Deyirlər ki, 1 nəfər üçün günlük qiymət 70 manatdan başlayır. Bu da turistlərin Mingəçevirdə olub, şəhərin özəllikləri ilə tanış olmasının qarşısını alır. Bu gün Mingəçevirdə 4-5 ulduzlu 3 hotel var - "River side", "Ağsaray" və "Kür".

Fəqət gecəsi 7-80 manatdan başlayan hotel qiymətləri dodaq uçuqladır və dərhal vətəndaşı itələyir. Halbuki turizmin inkişafı üçün münasib tariflər təyin etmək olar. Onu da deyək ki, Kürdə turistləri gəzintiyə çıxaran gəmilər, qayıqlar fəaliyyətdədir.



Adambaşı 50 qəpiyə Kürü gəmidə gəzmək olar. Sahil parkı isə özəlliklə yaraşıq verir. Amma Tiflis, Batumi, Trabzon və başqa şəhərlərdən heç də geri qalmayan Mingəçevirə turist axını müşahidə olunmur. Turizm isə hotel-restoran-taksi şəbəkəsinin işləməsi, şəhərin qaynaması, tanınması deməkdir. Hər halda, baha qiymətə boş qalan hotel otaqlarındansa, onları münasib məbləğə təklif etmək daha məntiqli olardı. Üstəlik, bundan 110 minlik şəhər əhalisi də qazana bilər...

* * *
Şəhəri dolaşarkən Mingəçevir İH rəsmisi məlumat verdi ki, ötən üç ayda 20 Yanvar 17 və Cəmil Əliyev 38/3 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının dam örtükləri təmir olunub. Heydər Əliyev prospektində yerləşən 7 çoxmənzilli yaşayış binasının 42 girişlərində təmir-bərpa işlərinə başlanıb.



Şəhərin Nərimanov küçəsində Teatr meydanından 20 Yanvar küçəsinədək səkilərə hər iki tərəfə dekorativ daş döşənir. Aydın Məmmədov, Xətai və Nəsimi küçələrində küçə işıqlanması yenidən qurulur. Aydın Məmmədov və 20 Yanvar küçələrində yol bordyorları yenilənir və səkilərə yeni asfalt örtük salınır. 3 ayda şəhərdə 738 daimi iş yeri yaradılıb.

Məşğulluq Mərkəzinə 3 min 597 nəfər şəhər sakini iş üçün müraciət etmiş, onlardan 552 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunub. 196 nəfər münasib işlə təmin olunmadığı üçün onlara işsizlik statusu təyin edilib və müavinət verilib.

İstilik Sistemlərinin İstismar Sahəsi tərəfindən 6 qazanxana vasitəsilə təhsil, səhiyyə və digər sosial obyektlərə və yaşayış binalarına qrafikə uyğun istilik enerjisi verilib. Məcburi köçkün şəhərciyində 1098 mənzilin və digər sosial obyektlərin istiliklə və isti su ilə təchizatı təmin edilib. Şəhərdə 1300 ədədə yaxın ağac əkilib və C.Əliyev küçəsi 13 saylı binanın arxasında yeni parkın salınması işlərinə başlanıb.

Son 4 ildə Mingəçevirdə küçələr genişləndirilib, asfaltlanıb, işıqlanma dirəkləri quraşdırılıb, səkilər yenilənib, yaşıllıqlar salınıb, "Sahil", "Dostluq", "Heydər Əliyev", "Füzuli" parkları yenidən əsaslı şəkildə qurulub, müxtəlif ağaclar və bəzək kolları ilə bəzədilib, müasir uşaq əyləncə avadanlıqları ilə təchiz edilib.

Bələdçimiz bildirdi ki, 5442 məcburi köçkün ailəsi, 20 min 411 nəfər qaçqın məskunlaşıb. Onların sosial-məişət problemlərinin həlli istiqamətində şəhər rəhbərliyi tikililərin dam örtüklərinin təmirində, su ilə təchizatında, kanalizasiya xətlərinin təmirində yaranmış problemlərin həllində imkan daxilində köməkliklər göstərir.

Məcburi köçkün rayonların Mingəçevir şəhərindəki səlahiyyətli nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilir, onlarla birgə məcburi köçkünlərin sosial məişət problemlərinin həlli yolları müzakirə edilir və müvafiq tədbirlər görülür.

İcra hakimiyyəti rəsmisi deyir ki, prezident sərəncamı ilə Mingəçevirdə "Toxuculuq kombinatı" ASC-nin ərazisində yeni 5 sənaye parkının salınması haqda qərar verilib. Həmin ərazi sökülüb və yerində ilkin olaraq Trikotaj fabrikinin əsasının qoyulması üçün işlər aparılır.

Musavat.com