Qaya parçalandı - Xınalıq yolunu bağladı

21 May 2016 11:55 (UTC+04:00)

Gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb.

Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır.

Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.

"Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, yolun 37-ci km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.


Xınalıq yoluna düşən qaya parçaları

Ötən gün baş verən sürüşmə nəticəsində Qusar-Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəzilə nəqliyyat əlaqəsi kəsilib.

Dərhal "Azəravtoyol" QSC-nin yerli idarəsinin canlı qüvvəsi və iki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.

Anspress.com