İran tədqiqatçısı Ermənistanı günahlandırdı

19 Noyabr 2012 09:28 (UTC+04:00)
İran tədqiqatçısı Kamal Muradi öz kitabında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən yazıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, müəllifin "Mədəniyyətlər və milli-etnik xüsusiyyətlər" adlı elmi-tədqiqat əsərində Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki məscid və digər maddi-mədəniyyət nümunələrinə qarşı soyqırımI aktı törətməkdə günahlandırılıb.

K. Muradi əsərində Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) internet səhifəsindən götürdüyü faktlardan istifadə edib.

Belə ki, müəllif "Ermənilərin Şuşa və Ağdam məscidlərini təhqir etdiklərini təsdiqləyən orijinal fotolar ayətullah Lütfullah Safi Qolpayeqaniyə təqdim olunub" başlığı altında kitabın doqquzuncu səhifəsində verib. K. Muradi əsərində qeyd edir ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməklə əslində beynəlxalq humanizm qaydalarına qarşı çıxır: "Ağdam və Şuşa şəhərlərindəki məscidlərdən tövlə kimi istifadə olunması, ziyarətgah, qəbiristanlıq və pirlərin dağıdılması faktları Azərbaycanın qədim maddi-mədəniyyət nümunələrinə qarşı soyqırımıdır. Bu vandalizm aktları törədənlər tarix və bəşəriyyət qarşısında məsuliyyət daşıyırlar".

Qeyd edək ki, 146 səhifədən ibarət olan kitab 2012-ci ildə Tehranın "Pelk" nəşriyyatında işıq üzü görüb.

AzNews.az