AXCP: “İsa Qəmbər tələskənliyə yol verib”

19 Noyabr 2012 10:42 (UTC+04:00)


"İsa Qəmbər 2013-cü ildə keçiriləcək prezident seçkisində iştirakı ilə bağlı qərarını açıqlamaqla tələskənliyə yol verib". Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Həsən Kərimov deyib.

O bildirib ki, bir müddət əvvəl İctimai Palatada vahid namizəd məsələsi ortaya atılsa da, sonradan vəziyyətə aydınlıq gətirilib: "Mövqe bundan ibarət olub ki, biz yalnız fəaliyyətimizi seçki mühitinin və ölkənin demokratikləşməsinə yönəltməliyik. İctimai Palatada isə vahid namizəd, yaxud kiminsə namizədliyinin müdafiəsinə dair heç bir qərar və razılıq yoxdur. Hazırkı fəaliyyətimiz ancaq və ancaq seçki mühitinin demokratikləşməsinə yönəldilib".

H. Kərimov qeyd edib ki, Müsavat Partiyasının başqanının prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı qərarı İP-in taleyinə mənfi təsir göstərməməlidir: "İsa Qəmbər müxalifətdə olan bir partiyanın başqanıdır və təbii ki, onun partiya rəhbəri və ya vətəndaş olaraq prezidentliyə namizədliyini irəli sürmək hüququ var. İctimai Palatada bu məsələ müzakirə olunmadığından tələsmək olmaz. İctimai Palatanın qərarı olarsa, AXCP-nin mövqeyi yekun olaraq bildiriləcək. Hər bir halda AXCP İctimai Palatanın bütövlüyünün qorunub saxlanmasının tərəfdarıdır".

AzNews.az