Xalqın öz ərazi bütövlüyü uğrunda mübarizəsi

20 Noyabr 2011 06:47 (UTC+04:00)
Hər bir xalqın ümumi tarixinin çox mühüm hissəsini onun öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi təşkil edir. Etnik coğrafiya, yaxud bu və ya digər xalqın, millətin iqtisadi-təsərrüfat, sosial-siyasi və mənəvi-mədəni varlığının, özünüifadə və özünütəsdiqinin əsas göstəricilərindən biridir.

Azərbaycan xalqı ilk orta əsrlərdən başlayaraq, sahəsi yüz min kvadrat kilometrlərlə ölçülən geniş bir ərazidə formalaşmışdır ki, buraya Şimali Azərbaycan (Azərbaycan Respublikası), Cənubi Azərbaycan (İran Azərbaycanı), Qərbi Azərbaycan (Ermənistan Respublikası), Şərqi Anadolu, Borçalı, Cənub-Şərqi Dağıstan və s. daxildir. Həmin coğrafiyanın etnik tarixi barədəki müasir elmi təsəvvürlər biri digəri ilə bağlı olan üç fundamental problemin qarşılıqlı əlaqədə nəzərdən keçirilməsini tələb edir:
1) Orta əsrlərin əvvəllərindən başlayaraq sonlarına qədər davam edən böyük bir dövrdə Azərbaycan xalqının formalaşdığı coğrafiyanın hüdudlarının müəyyənləşməsi.
2) Həmin coğrafiyada xalqın etnososial maraqlarından irəli gələn siyasi-inzibati (dövlət) nəzarəti mexanizm və ya strukturlarının qərarlaşması, əraziyə etnoqrafik sahiblik hissinin siyasi sahiblik ideologiyasına çevrilməsi;
3) müxtəlif xarakterli daxili çəkişmələr, xarici müdaxilələr nəticəsində Azərbaycanın etnosiyasi bütövlüyünün pozulması, ölkə ərazisinin imperiya maraqlarına uyğun olaraq parçalanması.

Əlbəttə, orta əsrlərin sonlarına doğru Azərbaycan xalqının bu və ya digər dərəcədə sabit etnoqrafiyası müəyyənləşməsəydi, həmin coğrafiya üzərində özünəməxsus etnosiyasi (inzibati) nəzarət sistemi də qərarlaşmaz, dövlətçilik ideologiyası formalaşmazdı. Və bütün bunların mövcudluğu şəraitində ölkəyə olunan müdaxilələr laqeyd qarşılanmadığı kimi, işğallar da milli coğrafi bütövlük uğrunda mübarizə ideologiya və texnologiyalarını doğurmalı idi. lakin nəzərə almaq lazımdır ki, Azərbaycan tarixşünaslığı, ümumən ictimai-tarixi təfəkkürü Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixinə son illərə qədər olduqca ehtiyatla yanaşmış, tarixşünaslıqda (və ictimai-tarixi təfəkkürdə) Azərbaycan xalqının öz maraqlarından daha çox onun ərazi bütövlüyünə müdaxilə eləmiş imperiyaların maraqları üstünlük təşkil etmişdir.

Azərbaycan Respublikasının müstəqillik qazanması, azərbaycançılığın dövlət ideologiyasına çevrilməsi, dünya azərbaycanlılarının birliyi, mütəşəkkilliyi uğrunda mübarizə artıq Azərbaycanın ərazi bütövlüyü probleminə obyektiv baxmağa, problemin tarixini "necə varsa o cür" öyrənməyi tələb edir.

Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi, tamamilə təbiidir ki, Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinin keyfiyyət həddinə çatdığı, etnocoğrafiyasının müəyyənləşdiyi dövrdən başlayır.

Azərbaycan xalqının təşəkkülü məsələsi hələ də Azərbaycan tarixşünaslığının ən mürəkkəb problemlərindən biri olaraq qalmaqdadır. Problemin həlli üçün göstərilən elmi-metodoloji cəhdləri, əsasən, aşağıdakı prinsip, yaxud mövqelərin bu və ya digər dərəcədə qərarlaşmasına gətirib çıxarmışdır:

I. Azərbaycan xalqı e.ə. I minilliyin ortalarından etibarən, xüsusilə Atropatena dövründə İran mənşəli etnoslar əsasında formalaşmış, eramızın əvvəllərindən başlayaraq Azərbaycan ərazisinə köç edib burada məskunlaşan türklər tədricən İran mənşəli Azərbaycan xalqını "türkləşdirmiş", nəticə etibarilə təxminən XI-XIII əsrlərdə İran mənşəli (və türkdilli) Azərbaycan xalqı təşəkkül tapmışdır (İ.Əliyev, Ə.Sumbatzadə).

II. Ən qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış türk tayfaları, eləcə də eramızın ilk əsrlərindən başlayaraq müxtəlif mərhələlərdə həmin əraziyə köçüb gələn türklər qaynayıb qarışaraq, təxminən I minilliyin ortalarında türk mənşəli (və türkdilli) Azərbaycan xalqının əsaslarını yaratmışlar (Y.Yusifov, S.Əlyarlı, T.Hacıyev).

III. Azərbaycanda e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə qədər, əsasən, Qafqaz, e.ə. I minilliyin sonu b.e. I minilliyinin əvvəllərinə qədər isə, əsasən, İran etnosları üstünlük təşkil etmiş, Azərbaycan ərazisinin müəyyən hissəsinin də daxil olduğu geniş bir coğrafiyada məskunlaşmış türklərin etnosiyasi diferensiasiyası nəticəsində I minilliyin sonu II minilliyin əvvəllərindən etibarən türk mənşəli (və türkdilli) Azərbaycan xalqı formalaşmışdır ki, uzun zaman davam edən həmin proses ölkədə qədim dövrlərdən yaşayan bir sıra Qafqaz, eləcə də İran etnoslarının türk mənşəli (və türkdilli) Azərbaycan xalqı tərkibində inteqrasiyası ilə getmişdir (N.Cəfərov).

Bizim fikrimizcə, Azərbaycan xalqının etnogenezisi məsələsinə biri digərindən bu qədər fərqli mövqelərdən yanaşılması yalnız problemin özünün mürəkkəbliyi (o mənada ki, Azərbaycan ərazisində qədim zamanlardan türk, Qafqaz, İran mənşəli xalqlar məskunlaşmışlar) ilə bağlı deyil, həmçinin ideoloji və ya metodoloji- konseptoloji konyuktura ilə əlaqədardır.

Etnologiya elminin çoxsaylı müşahidələri, təhlilləri göstərir ki, xalqların əmələgəlmə-təşəkkül prosesi, hər şeydən əvvəl, etnocoğrafi diferensiasiyasının nəticəsidir; bu isə o deməkdir ki, Azərbaycan xalqı ən qədim zamanlardan Azərbaycan ərazisində yaşayan, yaxud bu əraziyə gələrək məskunlaşan müxtəlif mənşəli etnosların inteqrasiyasının məhsulu deyil; haqqında bəhs olunan inteqrasiya prosesinə yalnız türk mənşəli Azərbaycan xalqının təşəkkülü kimi genişmiqyaslı etnocoğrafi hadisənin tərkib hissəsi olaraq baxdıqda hansısa obyektiv qənaətə gəlmək mümkündür.

Türk etnosunun coğrafi-siyasi diferensiasiyası, məlum olduğu kimi, iki səviyyədə baş verir:

1) makrodiferensiasiya – türklərin a) Şərq (karluq), b) Şimal- Qərb (qıpçaq) və c) Cənub- Qərb (oğuz) türklərinə diferensiasiyası;

2) mikrodiferensiasiya – müstəqil türk xalqlarının formalaşması.

Birinci səviyyə I minilliyin ortalarından başlayaraq II minilliyin əvvəllərinə qədər davam edir. Əsas türk xalqları isə II minilliyin ortalarına doğru, yenidən diferensiasiya prosesinin nəticəsində formalaşırlar ki, bu zaman Cənub-Qərb (oğuz) türkləri Türkiyə türkləri, Azərbaycan türkləri və türkmənlərə bölünmüş olurlar.

Azərbaycan xalqının etnosiyasi coğrafiyasının müəyyənləşməsi prosesi XV əsrin sonu XVI əsrin əvvəllərində artıq başa çatır. Əvvəl Qaraqoyunlu, sonra Ağqoyunlu, daha sonra isə tarix səhnəsinə daha böyük etnosiyasi güc (və iddialar) ilə çıxmış səfəvilər Azərbaycanın tarixi hüdudlarını müəyyənləşdirirlər. Şimalda Dağıstan və gürcü xalqları, Qərbdə Osmanlı türkləri, Cənubda isə farslarla qonşu olan azərbaycanlıların Şərq hüdudlarını Xəzər dənizi təşkil edir.

Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsinin beş yüz illik tarixi üzərində apardığımız müşahidə-təhlillər göstərir ki, ərazi bütövlüyü üçün təhlükə yaratmış (və həmin bütövlüyü pozmuş) əsas amillər aşağıdakılardır:
1) daxili çəkişmələr;
2) xarici müdaxilələr.
3) siyasi-ideoloji özgələşmə.
Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi aşağıdakı dövrlərdən keçmişdir:
I. Səfəvilər dövrü (XVI əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər).
II. Xanlıqlar dövrü (XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər).
III. Azərbaycanın Şimalının Rusiya, Cənubunun isə İran tərkibində olduğu dövr (XIX əsrin əvvəllərindən XX əsrin sonlarına qədər).
IV. Müasir dövr (XX əsrin sonu XXI əsrin əvvəlləri).