Qəzzada xarabalıqlar uşaq qanlarıyla suvarılır

20 Noyabr 2012 06:50 (UTC+04:00)
İsrailin Fələstinin Qəzza bölgəsində HƏMAS-a qarşı "Səma sütunu" əməliyyatına başlamasından bəri artıq 90 fələstinli və 3 israilli həlak olub.

Milli.Az Haarez-ə istinadən bildirir ki, İsrailin hakimiyyət dairələri Qəzzaya qoşunları yeritməyə hazırdır. Lakin Təl-Əviv problemin diplomatik həllini gözləyir. Bu arada İsrailin hərbi gəmiləri Qəzza bölgəsinin sahillərini top, raket və pulemyot atəşinə tutublar. Reuters bildirir ki, BMT-nin baş katibi Pan Gi Mun Fələstin-İsrail münaqişəsi bölgəsində hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

İsrailin baş naziri Binyamin Netanyaqu isə inad edir. O, HƏMAS-ın sakitləşməyəcəyi təqdirdə Təl-Əvivin səfərbər etdiyi 75 min nəfəri hərbi əməliyyatlara cəlb edəcəyini deyib. Son günlərdə İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələrinin zərbələri nəticəsində Qəzzada 2 uşaq həlak olub, 7 uşaq isə ağır yaralanıb.

İsrailin zərbələri nəticəsində infrastruktura ağır zərbələr dəydiyindən Qəzzada yüz minlərlə insan içməli su və elekroenerjidən məhrum olub. Qəzzada 1,7 milyon fələstinli əsirə çevrilib.

İsrailin Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti bu gün bəyan edib ki, gecədən bəri Qəzzaya 80 zərbə endirilib.

AzNews.az