Deputat MM-in mətbuat sözçüsünü tənqid etdi

20 Noyabr 2012 10:06 (UTC+04:00)


Milli Məclisin (MM) plenar iclasında deputat Etibar Hüseynov çıxış edərək MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunu kəskin tənqid edib. APA-nın məlumatına görə, deputat ötən iclasda parlamentdə kompyuter və internet probleminin olması barədə məsələ qaldırdığını xatırladıb: "Çox təəssüf ki, ötən müddətdə bu problemlə heç kəs maraqlanmadı, heç kəs tədbir görmədi. Əvəzində, parlamentin mətbuat xidmətinin rəhbəri mətbuatda məni böhtançı adlandırdı".

E. Hüseynov A. Təvəkküloğlunu hədd və səlahiyyətləri aşmaqda, onu təhqir etməkdə günahlandırıb: "Amma mən hədd və səlahiyyətlərimi aşaraq ondan deyil, parlamentin Aparat rəhbəri Səfa Mirzəyevdən soruşmaq istəyirəm ki, kimə böhtan atmışam? Deputatın adi bir xahiş etməsi nə vaxtdan şər-böhtan olub? Axı adından da görünür ki, mətbuat xidməti xidmət edən qurumdur. Məntiqlə, bu qurumda fəaliyyət göstərənlər xidmətçi statusunu daşıyır. İndi bu qurumun baş xidmətçisi deputatları təhqir edir. Mətbuatda Milli Məclis, xanım millət vəkilləri ən ağır şəkildə təhqir olunanda Akif Təvəkküloğlu qorxusundan cınqırını çıxarmağa cəsarət etmədi".

E. Hüseynov S. Mirzəyevdən məsələyə münasibət bildirməsini, Akif Təvəkküloğlu barədə tədbir görülməsini xahiş edib. O, A. Təvəkküloğluna mətbuatda dediyi sözləri təkzib etməsi və üzr istəməsi üçün axşama qədər vaxt verdiyini deyib: "Əks halda, cavab hüququndan istifadə edəcəyəm".

İclasa sədrlik edən MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə bu cür məsələlərə görə parlamentdə çıxış etməyə ehtiyac olmadığını bildirib: "Siz mənə, yaxud Səfa müəllimə yaxınlaşardınız, danışıb həll edərdik. İndi səhər mətbuat sözlərinizi yazmağa başlayacaq. Siz bunu istəyirdiniz? Belə olmaz, axı biz bir kollektivdə işləyirik".

AzNews.az