Çempionatımızda futbolçuları “lipa”laşdıran baş məşqçi aşkarlandı

20 Noyabr 2012 12:36 (UTC+04:00)
14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatında "lipa"lar aşkarlanıb. AzNews.az-ın məlumatına görə, belə hallarla əlaqədar AFFA İntizam Komitəsi sərt cəzalara əl atıb.

Tərtərim UGİM komandasının baş məşqçisi Xaliq Abdullayevin futbolçuların lisenziyalarını saxtalaşdırdığı üzə çıxıb. Konkret, "Ağdam"la matçda UGİM-in heyətində Ramil Məmişov saxta lisenziya ilə iştirak edib.

Futbolçunun oynadığı bütün qarşılaşmalarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Abdullayev isə 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Bununla yanaşı, "Qobustan"la matçda UGİM (Şamaxı) klubunun heyətində Allahşükür Süleymanovun əvəzinə lisenziyası olmayan Fərid Qarayevin, "Şirvan"la oyunda "Qobustan"ın heyətində Cavanşir Aydınovun əvəzinə lisenziyası olmayan və adı açıqlanmayan futbolçunun, ŞKGB ilə görüşdə UGİM (Quba) klubunun heyətində Elmar Məmmədyarovun saxta lisenziya ilə iştirak etdiyi aşkarlanıb. Hər 3 futbolçunun iştirak etdiyi bütün oyunlarda klublarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AzNews.az