Qadının bu istəyi kişiləri qorxudur - Sənin kosmetoloqun kimdir?
7 İyun 2016 21:00 (UTC+04:00)
Qadın baxımlı olmalıdır. Belə deyirlər ki, çirkin qadın yoxdu, baxımsız qadın var. Odur ki, gözəlliyini, cazibədarlığını və təravətini qorumaq istəyən hər qadın əlindən gələni əsirgəməməlidir.
Bir çox faktlar təsdiq edir ki, Azərbaycan qadını geyimə, hətta çantaya daha böyük vəsait xərcləyir, nəinki üz və bədən qulluğuna. Lakin elə ki, üzündə qırışlar əmələ gəlməyə başlayır, canına qorxu düşür. Xüsusən, alnın aşağı düşməsi, qaşla göz arasında məsafənin daralması onları ciddi şəkildə narahat edir. Yalnız bundan sonra kosmetoloqa müraciət edirlər. Müdaxilə etmək üçün gecikməsi, ya da müraciət etdiyi kosmetoloqun peşəkar olmaması isə nəzərdə tutmadığı ağır fəsadlar törədir.

Elə isə nə lazımdır? Nələrə diqqət edilməlidir ki, gənclik təravətini uzun müddət qoruyub saxlamaq mümkün olsun?
Bunun üçün bir çox görüləsi tədbir var. Amma tədbirlərdən deyil, onları gerçəkləşdirəcək şəxsi müəyyənləşdirməkdən başlamalısınız. Yəni, bu məsələdə sizə bələdçilik edəcək düzgün kosmetoloqu seçmək çox önəmlidir.

Kosmetoloqu seçərkən nəyə diqqət yetirmək lazımdır?
Qeyd etməliyəm ki, ölkəmizdə çox maraqlı beynəlxalq seminarlar keçirilir. Xaricdən işinin peşəkarı olan yüksək səviyyəli kosmetoloqlar dəvət olunur. Onlar bizim mütəxəssislərə dərs keçir, öz təcrübələrini bölüşürlər. Məhz belə şəraitdə yetişən kosmetoloqlardan birini seçib gözəlləşmək çətin deyil.
Hesab edirəm ki, qadının kosmetoloqu yaşadığı ölkədə, yaşadığı şəhərdə olmalıdır. Çünki üzə qulluq hər həftə tətbiq edilir. Xüsusən, 30 yaşdan sonra intensiv qulluq tələb olunur ki, bunun üçün də hər həftə xarici ölkəyə getmək mümkün deyil. Sadəcə bu səbəb belə kifayətdir ki, cavanlaşmaq, ya da gözəlləşmək istəyəndə hansı ölkəyə gedim?", - deyə yox, "kimin yanına getməliyəm?", - deyə soruşasınız.
Kosmetoloq niyə önəmlidir?

İndi gələk kosmetik müdaxiləyə ehtiyac hiss etdiyinizdə kosmetoloqunuzun kimliyinin, bu sahədə təcrübəsinin, bacarığının, ixtisası üzrə təhsilinin və başqa məqamların niyə bu qədər əhəmiyyət kəsb etdiyinə. Məsələn, dodaqlarınızın ətrafında kiçik qırışlar əmələ gəlib. Onlara cüzi müdaxilə kifayətdir ki, bir neçə il əvvəlki görünüşünüz bərpa olunsun. Lakin özünüz də bilmədən təsadüfi seçdiyiniz kosmetoloqun savadsızlığının, ya da daha çox qazanmaq istəyinin qurbanı olursunuz. Beləliklə də kiminsə sizinlə bağlı verdiyi yanlış qərarın cəzasını çəkməli olursunuz. Başqa sözlə, nəinki əvvəlki gözəlliyinizi, təravətinizi bərpa edirsiniz, əksinə görkəminiz tamamilə dəyişərək çirkinləşir. Dodaqlarınız o qədər şişirdilir ki, ağzınız qurd ağzına oxşayır. Çünki qədərindən artıq dolğu doldurulur. Maraqlısı odur ki, qadınlar özünü bu vəziyyətə Türkiyədə, ya da hər hansı xarici ölkədə gətirir. Çünki daha yaxşı iş olması üçün çıxış yolunu xaricdə axtarırlar. Halbuki yaxşı kosmetoloqu elə buradan da tapmaq olar. Azərbaycanda çox yüksək səviyyəli həkim-kosmetoloqlar çalışır. Əsas odur ki, nə istədiyini biləsən və seçimi düzgün edəsən.

Dodaqlarınız nazik ola, forması özünüzü qane etməyə bilər. Lakin yaxşı kosmetoloq ehtiyac olan dəyişikliyi düzgün müəyyənləşdirməlidir. Dodaqlarınızı böyütmək, forma vermək zərurəti olub-olmadığına o qərar verməlidir. Bunu həddən artıq dolğu doldurmaqla etmək olmaz. Çünki qədərini aşmış dolğu ilə qadın nəinki gözəl görünür, əksinə bu, qadını ucuzlaşdırır. İnsanın görünüşü onun barəsində ilkin rəy formalaşdırdığından, bu çox önəmlidir. Ona görə bizə müraciət edənləri müdaxilə zəruri deyilsə, fikrindən daşındırırıq. Məsələn, bir fakt deyim. "Sultan Saba"nın qonaqlarndan biri çətinliklə də olsa, həyat yoldaşından dodaqlarına dolğu etdirmək üçün razılıq alıb. Niyyətini mənə deyəndə ona arıqlamağı məsləhət gördüm. Arıqlayandan sonra yenə bu fikirdə qalarsa, istədiyini həyata keçirəcəyimizi söylədim. 10 kilo arıqladıqdan sonra o özü də bizimlə razılaşdı. Nəinki öz, həm də həyat yoldaşının adından bizə təşəkkür etdi. Başqa bir mərkəzdə belə faktlara az təsadüf olunduğundan, qadın həyat yoldaşına kosmetoloqa gedəcəyindən bəhs edəndə kişilər qorxur. Çünki hesab edir ki, üzünə kosmetoloq müdaxiləsi olunan qadınların dodaqları şişir, gözləri bərəlir və s. özünə bənzəməyən eybəcər hala düşür.
Odur ki, əziz xanımlar!
Gözəlliyinizlə bağlı qərar verərkən çox diqqətli olun. Bu qərarı təkbaşına verməyin. Öncə bələdçiniz olacaq peşəkarı müəyyənləşdirin. Nə istədiyinizi ona deyin. Qoy nə edəcəyinə o qərar versin. Çünki nə qədər gənc, təravətli, təbii görünəcəyiniz məhz verilən həmin qərardan asılıdır. Kosmetoloqunuzu düzgün seçin ki, gözəlləşmək istəyiniz kişiləri qorxutmayasınız!
Nazənin Axundova - "Sultan Saba" Sağlamlıq mərkəzinin rəhbəri
Xüsusi olaraq AzNews.az üçün