“Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat var” - BQXK

8 İyun 2016 10:52 (UTC+04:00)

Bu barədə BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, hazırda bununla bağlı təmsil etdiyi qurum mandatına uyğun olaraq, bu məsələni izləyir və aidiyyəti orqanlarla əlaqə saxlayır. İ. Hüseynova əlavə edib ki, BQXK-nin münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə, onların ailə üzvləri ilə əlaqə saxlamalarına yardımçı olma, onların saxlanma şəraitinin və onlarla rəftarı monitorinq etmək mandatı var. BQXK tərəflərin müraciəti olduqda və şəxs özü arzusunu bildirdikdə təşkilat onun geri qaytarılmasında neytralı vasitəçi ola bilər.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Xəbərə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə artıq məlumatlandırılıb.

Lakin Tovuz rayon polisindən, eləcə də icra orqanlarından bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb.

APA.az