“Razılaşmayanı gecəylə evindən oğurlayırlar” - Politoloq
8 İyun 2016 16:52 (UTC+04:00)
AzNews.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mardində baş verən terror aktını şərh edib. E.Şahinoğlunun sözlərinə görə, PKK-çılar artıq mülki vətəndaşlara qarşı hücuma başlayıblar: "PKK bu gün də Mardində partlayış törətdi. Aqoniya içindədirlər. Əvvəl hərbçləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları – yaşlıları, qadınları və uşaqları hədəf alıblar. Hələ bir yekə-yekə "kürdlərin azadlığı uğrunda" savaşdıqlarını deyirlər. PKK onlarla razılaşmayan kürdləri də öldürür, gecə ikən evlərindən oğurlayırlar. Qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb".
E.Şahinoğlu bildirib ki, Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermir: "Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib. Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur və qaç" taktikasına keçiblər".
Bahar RÜSTƏMLİ
AzNews.az