«Aslanlar» evdə «qırmızı şeytanlar»ı boğdu

20 Noyabr 2012 22:05 (UTC+04:00)
Dünən UEFA Çempionlar Liqasında V turun görüşlərinə start verilib. AzNews.az xəbər verir ki, Azərbaycan azarkeşlərinin maraqla izləyəcəyi matçlardan biri İstanbulda baş tutub. Yerli "Qalatasaray" evdə "Mançester Yunayted" klubunu qonaq edib.

"Sarı-qırmızılar" bu qarşılaşmaya xüsusi ovqatda çıxmışdı. Çünki Türkiyə çempionu qalib gələcəyi halda, növbəti mərhələyə adlamaq imkanını saxlayacaqdı. Elə bu səbəbdən, "aslanlar" oyuna hücumla başlayıblar. İngiltərə təmsilçisi, öz növbəsində, 1/8 finala yüksəldiyindən taktikanı müdafiə üzərində qurub.

İlk hissədə hesab açılmasa da, 2-ci yarıda "Qalatasaray"ın aramsız basqısı öz bəhrəsini verib. 53-cü dəqiqədə Səlcuq İnanın hava ötürməsini hücumçu Burak Yılmaz baş zərbəsi ilə rəqib qapısına göndərib - 1:0. Bu, oyunda vurulan yeganə qol olub.

Vacib qələbə sayəsində "sarı-qırmızılar" ən azından 3-cü yeri özünə təmin edib ki, bu da birbaşa Avroliqanın 1/16 final mərhələsinə çıxışdır. "H" qrupunda digər görüşdə Rumıniya "Kluju" doğma meydanda "Braqa"nı (Portuqaliya) üstələyib – 3:1.
1. "Mançester Yunayted" - 12 xal, 2. "Qalatasaray" - 7, 3. "ÇFR Kluj" - 7, 4. "Braqa" - 3

Kamran Hacı
AzNews.az