“Həbsdə “Qarabağ şikəstəsi”ni oxuyurdum” - Fotolar
15 İyun 2016 13:45 (UTC+04:00)
Amnistiya aktının icrası 15 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib. Bu müəssisədən 23 nəfər azadlığa çıxıb.
Azadlığa çıxan Tural Musayev amnistiya təşəbbüsünə görə birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
"Barəmdə 9 ay həbs qərarı verilmişdi. Azadlığa çıxmağıma 3 ay qalırdı. Artıq azadlıqdayam. Buna görə Mehriban xanıma təşəkkür edirəm. Azadlıq gözəl neymətdir. Bunun qədrini bilmək lazımdır".

T.Musayevi qarşılamağa gələn 5 yaşlı oğlu Murad Musayev atası üçün darıxdığını söyləyib. Atasının azad olunmasına sevinən 5 yaşlı Murad məhkumlar üçün şeir oxuyub.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsində azadlığa buraxılan Şərif Rüstəmov müğənnilik sənətinə davam edəcəyini deyib. O, həbsxanada daha çox `Sona bülbüllər` və `Qarabağ şikəstəsi`ni oxuduğunu söyləyib.
Azadlığa çıxan Ruslan Əsgərov isə ailəsinə sürpriz hazırladığını bildirib: "8 aylıq qızım Zəhra üçün çox darıxmışam. Ailəm mənim azadlığa çıxacağımı bilmir. Onlara sürpriz hazırlamışam. İnanıram ki, ailəm, yaxınlarım məni azadlıqda görəndə çox sevinəcəklər. Allah bütün məhbusların yolunu açıq etsin".

Qeyd edək ki, Milli Məclis Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə "28 May - Respublika Günü münasibətilə Amnistiya aktı qəbul edib.
Ümumilikdə, 10 min məhkum amnistiya aktının təsiri altına düşür, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək.
Amnistiya aktıının icra müddəti dörd aydır.


AzVision.az