Nursalehi xilas etmək üçün 19 günümüz qaldı - Video

21 İyun 2016 23:27 (UTC+04:00)

Bəli, anası Səbinə Paşayevanın yaşama səbəbi olan, bu körpənin xəstə ürəyi daha 19 gün də döyünəcək. Bizim də onu xilas etməmiz üçün nə az, nə çox 19 günümüz var.

Müalicəsi yalnız Türkiyədə mümkün olan Nursaleh təcili əməliyyat olunmalıdır. Əməliyyata isə 30 min manat tələb olunur. Ailəsinin maddi imkanı olmadığından, uşaq xeyirxah insanların yardımı nəticəsində sağ qala bilər.

Ürəyində 8 dəliklə doğulan Nursalehin tez-tez tutmaları olur. Ağlayandan sonra isə özündən gedir. Nənəsi Gülqız xanım deyir ki, uşağın rəngi göyərir və yalnız yarım saatdan sonra özünə gəlir.

Uşaq oyananda ağlamaq istəyəndə bir balaca səsi çıxır. Sonra səsi gəlmir. Səs yoxdursa, deməli nəfəsi gedib. Onda da bizim xəbərimiz olmasa uşaq əldən gedər. Mütləq onu silkələyib, əlini sıxıb özünə gətiririk. Öldürür özünü, başini vurur divara. Nursaleh öldü. Deyirəm Səbinə özünü itirmə, qoy bunu birtəhər özünə gətirək", - nənə Gülqız Paşayeva deyir.

Əməliyyat olunarsa Nursalehin yaşamaq şansı 95 faizdən artıqdır.

Bu xəstəlikdən əziyyət çəkən uşaqlar əməliyyat olunarsa onlar ölümün pəncəsindən xilas olar və yaşama şanslari yüksələr. Türkiyənin ən məşhur uşaq kardioloqlarından biri Tuğçin Bora Polad əməliyyatin gecikdirilməsinin fəsadlarla nəticələnə biləcəyini deyir.

"Dəliklərin ən önəmlisi ürəyin aşağı, qarıncıq hissəsində olan geniş dəliklərdir. Bir az təhlükəli xəstəlikdir, amma müalicə olunmayacaq bir xəstəlik deyil. Hətta təzə doğulan uşaqlarda belə qəlb dəliklərini bağlamaq mümkündür. Bir yaş, bir yaş yarımdan sonra artıq əməliyyat şansını da itirə bilər. Çünki, dəliklər genişlənir və ağ ciyər təzyiqi artıq vücudda yerləşər. Əgər əməliyyat olunarsa, uşaq yaşayacaq. Uşağı itirməyimiz 3 faziə bərabərdir", - Tuğçin Bora Polad deyir.

Həkimin də dediyi kimi Nursalehin yaşamaq şansı var. Amma bu şansı ona göydə Allah, yerdə isə imanlı, imkanlı insanlar verə bilər. Elə isə, Allah dərgahının açıq olduğu bu müqəddəs ayda köməyimizi balaca Nursalehdən əsirgəməyək. Onun ürəyinin yenidən döyünməsinə birlikdə kömək edək...



Anspress.com