Dünya çempionu Heydərovu təbrik etdi: “Artıq etibarlı əllərdədir”
23 İyun 2016 11:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, məşhur idmançı Azərbaycan Ağır Atletika Federasiyasındakı problemin tez zamanda həll olunmasını arzulayıb: "Qardaş ölkə can Azərbaycan.... Ağır Atletika Federasiyası artıq etibarlı əllərdədir. Üzləşdiyi bu ağır günlərdən tez zamanda xilas ola bilməsi üçün seçilən milli Komandalar üzrə əsas cavabdeh şəxs, vitse- prezident Tofiq qardaşımı və federasiya baş katibi Rizvan qardaşımı təbrik edirəm, uğurlar arzulayıram".
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində dəyişikliklər olub.
Qurumun prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev yeni vitse-prezident, Rizvan Rəsulov isə baş katib təyin edilib. Rəsulov bu postda Yavər Hacıyevi əvəzləyib. Məlumatda bildirilirdi ki, yığmamızın "sükanı arxası"na yeni baş məşqçi gətirilib. Bundan sonra əsas komandamıza rəhbərliyi Tofiq Heydərov edəcək. O, bu postda Nizami Paşayevi əvəzləyib.
Ancaq federasiyadakı bütün təyinatlar bu günkü iclasda təsdiqlənəcək. İclas saat 12:00-da baş tutacaq.

Aygün İlqarqızı
AzNews.az