Olimpiya mükafatçısı: “Ağrıların baş qaldırmaması üçün vaxtaşırı müalicə alıram” - MÜSAHİBƏ

22 Noyabr 2012 08:20 (UTC+04:00)
Yunan-Roma güləşçisi Emin Əhmədov London oyunlarından sonra tanındı. Azərbaycana xas pəhləvanlıq keyfiyyəti ona olimpiadada güclü rəqiblərini üstələməkdə kömək etdi. Təcrübəsi olsaydı, qızıl medalla dönərdi. Amma debütdə bürünc mükafat da pis deyil. Axı, hər idmançı ilk olimpiadasında uğur qazanmır.

AzNews.az-a müsahibəyə tərəddüd etmədən "hə" cavabını verdi. Baxmayaraq ki, yeni mövsümə hazırlıqla bağlı indi qızğın məşqlər gedir...


- Məşqləriniz necə gedir?

- Normal. London olimpiadasından sonra bir az istirahət verildi. Sonra yenə məşqlərə başladım. Hazırda məşqlərimi davam etdirirəm.

- Fasilə dövründə köhnə zədələri tam sağalda bilmisinizmi?

-2010-cu ildə Qazaxıstanda keçirilmiş yarışda zədələnmişdim. Yüngül beyin silkələnməm olmuşdu. Ağrıların yenidən baş qaldırmaması üçün ildə bir dəfə müalicə alıram. Çalışıram zədəmi tam sağaldım ki, gələcək yarışlarda qəti problem yaratmasın.

- Sizin çəkidə gərgin rəqabət var. Bu mübarizədə birinciliyi qorumaq nə dərəcədə mümkün olacaq?

- Çıxış etdiyim 74 kq çəkidə uğurlu nəticə göstərdim. London olimpiadasında bürünc medal qazandım. İndi üzərimizə ikiqat məsuliyyət düşür. Bu yeri qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir.

- Düzü, London oyunlarına 74 kq-da heç kim sizin yollanacağınızı gözləmirdi. Bu çəki dərəcəsində titullu güləşçilər Rafiq Hüseynov və Elvin Mürsəliyevi arxada qoyub, olimpiadaya vəsiqə qazandınız. Elə Londonda da idman ictimaiyyətini heyrətləndirdiniz...

- Əvvəl də qarşımı heç bir şey kəsmirdi. Yəni, beynəlxalq turnirlərdə öz sözümü deyirdim. Ancaq "birinci nömrələr"in müəyyənləşməsi qərarını sonda məşqçilər verirdi. Onda da, nədənsə, Avropa və dünya cempionatlarına aparılmırdım. Bu sualı bizim əski məşqçilərə versəniz, daha gözəl olardı. Onlar bunun səbəbini yaxşı bilər. Olimpiya çempionu Fərid Mansurov komandaya rəhbərlik edən dövrdə zədələndim və 1 il məşqləri dayandırdım. Amma yenə toparlandım. Sonradan "birinci nömrə" olmağıma səbəb, beynəlxalq yarışlarda qazandığım uğurlardır.

- Gələn mövsümə konkret məqsəd və planınız nədən ibarətdir?

- Növbəti yarışlara yenə ciddi şəkildə hazırlaşmalıyam. Niyyətim qarşıdan gələn Avropa və dünya çempionatında da uğur qazanmaqdır. Rio olimpiadasına qədər çətin və uzun yol var. Ona müvəffəqiyyətlə çatmaq isə, bizim Azərbaycan güləşi qarşısında olan növbəti borcumuzdur.

Kamran Hacı
AzNews.az