Yaşar Nuri dəfn edildi - YENİLƏNİB

22 Noyabr 2012 12:42 (UTC+04:00)
Azərbaycanın xalq artisti, tanınmış aktyor Yaşar Nuri dəfn edilib. Mərhum sənətkar II Fəxri Xiyabanda torpağa tapşırılıb.

14:58

***

Akademik Milli Dram Teatrında Yaşar Nuri ilə vida mərasimi davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vida mərasimində çıxış edərək, Azərbaycan xalqına ağır itki üz verdiyini bildirib: "Biz Yasar Nuri kimi böyük aktyoru itirdik. İndi vida mərasimi keçirilən bu səhnədə vaxtilə o, yaddaqalan obrazlar yaradıb. Dünya heç kim üçün əbədi deyil. Ancaq Yaşar Nuri əbədi qalanlardandır".

Y.Nurinin vəfat etməsi ilə bağlı hazırda səfərdə olan ölkə prezidenti İlham Əliyevə məlumat verdiyini deyən nazir, dövlət başçısı adından mərhumun ailəsinə və xalqımıza başsağlığı verib.

Xalq artistləri Vaqif Mustafayev, Azərpaşa Nemətov, Rafiq Əzimov, Firəngiz Mütəllibova çıxış edərək, Y. Nurinin vəfatından kədərləndiklərini bildiriblər. Ən təsirli çıxışı Firəngiz Mütəllibova edib. O, "Yaşar, sən mənim iki gözüm idin. Mən sənin qarşında baş əyirəm" deyərək göz yaşları içində səhnəni tərk edib.

Səhnədən alqış sədaları altında son mənzilə yola salınan Xalq artisi II Fəxri Xiyabanda dəfn olunacaq.

Bahar Rüstəmli
AzNews.az