İdman jurnalistləri “od püskürdülər” – Bahalı sahənin kasıb yazarları....

2 İyul 2016 13:34 (UTC+04:00)

AzNews.az bu günlə bağlı idman jurnalistləri arasında sorğu keçirib.

Onlar öz sahələrinə az diqqət ayrılmasından, bu sahədən yazan jurnalistlərin ciddi maliyyə sıxıntısı çəkmələrindən narazılıq ediblər.

Həmin sorğunu təqdim edirik:

Qol.az-ın baş redaktoru Aydın Bağırov:


"Bu gün təkcə Azərbaycan yox, bütün dünya idman jurnalistləri üçün rəmzi bir gündür. Təəssüf ki, bizdə idman jurnalistlərinin bu əlamətdar günü onların peşə bayram şəklində qeyd edilmir. Məncə, növbəti illərdə ən azı idman jurnalistlərinin özü müvafiq media təşkilatlatırının da dəstəyi ilə bu bayramı qeyd etməlidirlər. Bizdə idman mediasında jurnalistikamızın digər sahələrində olduğu kimi problemlər olsa da, hər halda peşəkar insanlarım sayı az deyil. Onlar maaşlarının azlığına baxmayaraq, işləri nə qədər çox olsa da, öz peşələrini sevirlər və ona sadiqdirlər. Şəxsən mən bu sahədə olmağımdan, idman jurnalisti işləməyimdən həmişə qürur duymuşam. İdman jurnalistikası mənim üçün həmişə cəlbedici, maraqlı bir sahə olub. Yazdığın yaxşı bir yazıdan, ona verilən reaksiyalardan aldığın zövqü, inanmıram ki, başqa nədənsə ala biləsən. Mən bu əlamətdar gündə idman jurnalisti adına layiq olan, bu peşənin başını uca edən bütün həmkarlarımı təbrik edirəm".

Komanda.az-ın redaktoru Natiq Muxtarlı:


"Bu bayramın mənim üçün heç bir önəmi yoxdu. Çünki Azərbaycanda idman strategiyası olmadığı üçün idman jurnalistikası da yoxdu. Sadəcə, ayrı-ayrı jurnalistlərin fərdi fəaliyyəti nəzərə çarpır. Necə ki, ayrı-ayrı idmançılarımızın adda-budda qələbələri ilə təsəlli tapırıq. İdman jurnalistikası Azərbaycanda tamamilə nəzarətsiz sahə hesab olunur. Bu sahənin inkişafı heç kimi narahat etmir. 4-5 yerdə işləyib, cəmisi 300 manat məvacib alan jurnalistin yadına bayram düşməz. Amma mən o fikirdə deyiləm ki, Azərbaycanda idman jurnalistikasını inkişaf etdirmək üçün potensial yoxdu. Var, sadəcə bu sahədə maliyyə olmadığı üçün potensiallı kadrlar idman jurnalistikasından qaçaq düşürlər. Bütün bunlara rəğmən, kasıb idman jurnalistikası varlı idman sahəsini bəlkə də 100 dəfə üstələyir".

Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev:


"Düzü, bu günə böyük bir önəm vermək istəyirəm, ancaq alınmır. Çünki ölkəmizdə idman jurnalistinə münasibət lazımi səviyyədə deyil. Ona görə də bu günü bayram kimi bayram edə bilmirik. Eybi yox, biz dözümlüyük, buna da dözərik.
İdman jurnalisti olmaq şərəfdi. Bu barədə dəfələrlə demişəm, bir də təkrarlayım: Azərbaycanda idman mediası siyasi-ictimai mediadan min dəfə səmimi, peşəkar və təmizdi. Bizim öz yazılmamış qanunlarımız, daxili etika kodeksimiz var. İdman jurnalisti heç vaxt müəyyən çərçivəni aşmır, reketlik etmir. Belə şey olanda da ilk tənqidi öz həmkarlarından alır. Məhz buna görə idman jurnalisti olmağımla fəxr edirəm!"

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ramiz Mirzəzadə:


"Mənim üçün 2 iyul kiçik yaşlarımdan polis günü kimi daha çox yadda qalıb. Çünki atam polis işçisi olub. Sonradan tale elə gətirdi ki, atam və mən eyni gündə bu tarixi qeyd edirik. Artıq bir neçə ildir ki, eyni gündə qarşılıqlı bir-birimizi təbrik edirik.
Azərbaycanda idman jurnalisti olmaq isə olduqca məsuliyyətli bir məsələdir. Özümdən daha təcrübəli və böyük peşə dostlarımdan hər zaman nələrisə öyrənməyi qarşıma məqsəd qoyan insanam. Bütün həmkarlarımı peşə bayramı münasibəti ilə təbrik edirəm!"

ATV telekanalının idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə:


"Sözsüz ki, bu günün əhəmiyyəti çox böyükdür. Beynəlxalq olaraq idman jurnalistləri günündə idman jurnalistlərinin yada salınması çox yaxşı haldır.
İdman jurnalistikasında 16 ildir ki, çalışıram. Bununla da fəxr edirəm. İdman mediamızın inkişafında idmanımızın böyük rolu var. Çünki Azərbaycan idmanı inkişaf etməsəydi idman mediası bu qədər artmazdı. Düzdür 40-dan çox idman saytları da var, bu sahədə çalışanlar da var.
Amma əsil peşəkar idman jurnalistləri elə də çox deyil. Deyərdim ki, idman mediasında yaxşıların sayı azdır.
O ki, qaldı idman jurnalistinin Azərbaycanda statusunun olub-olmamasına, düşünürəm ki var. Azərbaycanda idman mediasına, əsil idman jurnalistlərinə böyük diqqət verilir.
Arzulayıram ki, idman mediasının maddi durumu da yaxşılaşsın. Saytlar, qəzetlər böyük, mötəbər turnirlərə öz hesabları daxilində jurnalistlərini ezam etməyi bacasınlar.
Sözsüz, daha bir istəyim odur ki, idman mediasi vahid olaraq birləşə bilsin. Düzdür bir neçə qurumlar var. İdman mediasını toplayan var, futbol jurnalistlərini bir araya yığan var.
Ancaq mən istəyirəm ki, qurumdan, təşkilatdan əlavə idman mediası yumruq şəkilində birləşməyi bacarsın.
Bir-birinə yaxın olan media qurumlar var. Ancaq mən idman mediasını vahid görmək istəyirəm.
İdman jurnalistlərinin bu gününü təbrik edirəm, uğurlarımız bol olsun".

Sport7.Az-ın redaktoru Emin Səfərov:


"Əslində, bu günün mənim üçün xüsusi bir önəmi yoxdu. İdman Jurnalistləri Gününü qeyd etməkdən əvvəl, bu sahədə çalışan həmkarlarımızın hansı gündə, hansı şəraitdə, az maliyyəyə, daha çox iş görməsini müzakirə etmək lazımdı. Kənardan baxanda vəziyyət bir qədər fərqli görünə bilər. Çoxları da elə bilir ki, idman mediasında çalışanlar qaz vurub, qazan doldurur. Hardan bilsinlər ki, bu gün pul tapa bilmədiyi üçün Bakı daxilində oyuna gedə bilməyən həmkarlarımız var. Hardan bilsinlər ki, ofis pulunu vaxtında ödəyə bilmədiyi üçün icarəyə verənlə baş redaktor arasında hər ayın sonlarında inciklik yaranır. Məsələyə dövlət səviyyəsində müdaxilə edilməsi gözlənilsə də, bu, baş vermədi. Belə bir durumda isə AFFA məsələyə müdaxilə edib, Media Komitəsi yaratdı. Təbii ki, assosiasiya rəhbərliyi, xüsusən də baş katib Elxan Məmmədov öz çıxarlarını düşünərək belə bir təşəbbüslə çıxış etdi və istəyinə çatdı. Belə durumda isə istər-istəməz istisnalar olmaqla asılılıq yaranır. İndi siz deyin görüm, bu gün jurnalistlərin günüdü, yoxsa şənbə? Hələ ki, kölgədəyik, gün işığına çıxmağımıza isə çox var".

"CBC Sport" telekanalının idman şərhçisi Elnur Məmmədli:


"Təbii ki, önəmi var. Ancaq iş orasındadır ki, biz bu bayramı yalnız sosial şəbəkələrdə dostlarımız yazan zaman hiss edirik. Başqa elə bir diqqət, bu günün xüsusi canfəşanlıqla keçirilməsinə rast gəlmirik. Təəssüf ki, AFFA yanında Media Komitəsi də hələ belə məsələlərdə fəal deyil. Halbuki, hər kəsi bir araya toplayıb yaxşı bir məclis təşkil etmək olardı.
Azərbaycanda idman jurnalisti olmaq çox çətindir.
Çünki bu sahədə demək olar ki, perespektiv yoxdur. İrəliləyiş yox dərəcəsindədir. Ən yaxşı halda hansısa kluba və ya federasiyaya işə düzələ bilərsən. Çox təəssüf ki, bəzilərinin səriştəsizliyi, bəzilərinin peşəkar olmaması səbəbindən indi idman jurnalistikası ciddi qəbul olunmur. Kimə ayda 300-400 manat pul lazımdırsa bu sahəyə gəlir".

"Het-trik news" baş redaktoru İlqar Tağıyev:


"İndiki zamanədə idman jurnalisti olmaq heç bir xüsusi önəm daşımır. Sadəcə bu sahəni seçibsənsə öz işinlə məşğul olursan. Əslində fəxr edirəm ki, jurnalistikadayam. Hörmət qoyulsa da laqeyd yanaşırlar.
Bu gününü bir önəmi də yoxdur. Mənim üçün bu gün də adi günlərdən biridir. Əgər kimsə bu günü önəmli hesab edirsə həmin jurnalistlərin hər birini səmimi qəlbdən təbrik edirəm.
İdman jurnalisti dedikdə konkret hansısa bir status yoxdur. O da jurnalistikanın bir hissəsidir. Ancaq jurnalistikanın bu sahəsi digərləri ilə müayisədə xeyli inkişaf edib. Həmçinin bu sahəyə çox böyük bir həvəs var. Təəssüf ki, jurnalistikanın digər sahələrində olduğu kimi, bu sahədə də vəziyyət ağırdır.
Düşünürəm ki, idman jurnalisti olmaq istəyən ən azından bir idman növünü mükəmməl bilməlidir, digər idman növlərindən də xəbəri olmalıdır. Ancaq indiki zamanda elələri var ki, daha çox futbolla maraqlanırlar. Onlara da futbol jurnalisti status verilməldir".

Aygün İlqarqızı