“Futbolda səhv olmur...” - Qurban Qurbanovla müsahibə

4 İyul 2016 13:41 (UTC+04:00)


Bildirək ki, "Qarabağ"ın "F91 Düdelanj"la görüşü iyulunun 12-si saat 21.00-da başlayacaq.

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov hazırlıqlarla bağlı AzNews.az-a müsahibə verib:

- Qurban bəy, komandanın hazırlığı necə gedir?

- Təlim-məşqlərimiz normal davam edir. Hər şey qaydasındadır.

- Zədəli oyunçu var?

- Zədəli oyunçumuz 2 nəfər idi - Bədəvi Hüseynov və Qara Qarayev... Bir neçə gündür ki, onlar fərdi qaydada məşqlərə başlayıblar. Amma yaxın vaxtlarda hazır olacaqlar və komanda ilə birlikdə məşqlərə qatılacaqlar.

- Bəs onların çempionlar liqasının II təsnifat mərhələsində Lüksemburqun "F91 Düdelanj" klubu ilə baş tutacaq görüşə qatılma ehtimalı var?

- Bugünkü nəticələrə görə qatıla biləcəklər.

- Sizcə komandanın ən böyük səhvi nə idi ki, Albaniyanın "Skenderbeu" klubu ilə sonuncu yoxlama oyunda 1 qol buraxdı və uduzdu?

- Futbolda səhv olmur. Məğlub olursa, deməli hər hansı bir çatışmazlıq var. Bu, sırf hazırlıq oyunu idi. İki həftə idi ki, biz təlim-məşq prosesində idik. Səhər axşam olmaqla gündə 2 dəfə məşq edirdik. Bəzi əvəzləmələr etdik, fürsətdən istifadə edib heyətdə bəzi oyunçuların mövqelərini dəyişdirdik. Belə oyunlar olur. Buna da elə bir səhv deməzdim.

- Heyətdə və mövqelərdə dəyişiklik gözlənilirmi?

- Ciddi dəyişiklik gözlənilmir. Amma hələ ki, görüşə çox var. Çalışacağıq ki, rəqibə uyğun oyun quraq. Əgər hər hansı dəyişiklik lazım olarsa, bundan istifadə edəcəyik.

- Baş məşqçi olaraq "Qarabağ"ın çempionlar liqasının hansı mərhələsinə qədər gedə biləcəyini düşnürsüz? Potensialı hara qədər çata bilər?

- Əvvəlcədən bu barədə nə isə deyə bilmərəm. Çünki vacib olan ilk oyundur. Bütün məqsədimiz bu oyunda qalib gəlməkdir. Nə qədər gücümüz var, nə qədər bacarığımız var, çalışacağıq hamısından istifadə edib, daha yaxşı nəticələr verək.

- Avroliqada çıxış edən digər klublarımız haqda nə düşünürsünüz? "Kəpəz", "Qəbələ" və "Neftçi" klubları sizcə qrupa düşə bilərlərmi?


- Hər biri çox uğurlu nəticələr göstərdilər. Baxmnayaraq ki, ilk oyunlarında "Qəbələ" və "Neftçi" qalib gəldi, "Kəpəz" isə 0:0 bərabərliklə bitirdi. Amma bu, evdə ilk oyunda heç də pis nəticə deyil. Hər birinə uğurlar arzulayıram. Hər birinin bu mərhələni keçməsi bizim reytinq xalımızın artması deməkdir. Yenə deyirəm, ilk oyunlar olmasına rəğmən, hər üç komanda çox yaxşı nəticə eldə etdi.

Hərçənd ki, "Kəpəz" daha yeni idi. Uzun illər idi Avroliqada iştirak etmirdi. Son illərdə ilk dəfə idi belə bir oyuna çıxırdı. Düşünürəm ki, çox layiqli bir oyun göstərdilər. Mən hər birindən razı qaldım - həm oyunlarından, həm də nəticələrindən...

- Mütəxəssislərin də fikrincə, "Kəpəz"in rəqibi özündən daha güclüdür. Sizcə gəncəlilər qol vura biləcəkmi? Növbəti mərhələ şansı nə qədərdir?

- "Kəpəz"in 1 qol vurması tam üstünlük olacaq. Çünki bir qolun mahiyyəti çox böyükdür. Ancaq rəqibin evdə oynaması üstünlüyün onlar tərəfdə olmasını göstərsə də, inanıram ki, "Kəpəz" bu oyunun qalibi olacaq.

- Vaxt edib Avropa çempinatına baxa bilirsinizmi? Favoritniz kimdir?

- Bəli baxıram. Cəmi 4 komanda qalıb. Amma favorit görmürdüm. İspaniyaya azarkeşlik edirdim, onlar da əfsuslar olsun ki, indi yoxdurlar, turniri tərk ediblər. Qalan komandalar da bu yerə layiqdirlər ki, yarımfınala qədər gəlib çıxıblar.

Bəzən favoritlər heç də sənin düşündüyün kimi oynamırlar. Bir də görürsən ki, düşünmədiyin bir komanda turnirin qalibi olur. Görünən odur ki, Almaniya və Fransa daha yaxşı formadadırlar.

- Məlumdur ki, futbolçularımız ÇL kimi böyük bir turnirə hazırlaşırlar. Lakin həm də Ramazan ayıdır. Bəs oruc tutan futbolçular necə edirlər? Orucu həmin gün pozurlar? Belə hallar onların səhətinə təsir etmir ki?

- Biz hər gün çıxıb məşqimizi edirik. Komandadan tələblərimizi edirik, onlar da yerinə yetirirlər. Oruc tutub-tutmamaları öz şəxsi işləridir.

Bir məşqçi kimi, bu vəziyyətin də onların məşqinə mənfi təsir göstərdiyini görməmişəm, hiss etməmişəm.

Aygün İLQARQIZI