“40 mərasimindən sonra evimizə gələn olmayıb” - Şəhidin qardaşı

4 İyul 2016 16:31 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında aprel döyüşlərində həlak olan, hələ də qəbir daşı qoyulmayan şəhid Elvin Mirzəyevin qardaşı Namiq Mirzəyev deyib. O bildirib ki, E.Mirzəyevin baş daşının qoyulması üçün ailələri dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xaçmaz Rayon Dövlət İdarəsinə müraciət edib: "Ölümündən 3 ay keçib, lakin hələ şəhidin qəbir daşı qoyulmayıb. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xaçmaz Rayon Dövlət İdarəsinə müraciət etdik. Oradan bizə bildirdilər ki, bunu Müdafiə Nazirliyi etməlidir, amma etməyib. Dedilər ki, icra hakimiyyətindən maraqlanın. Lakin aidiyyəti qurumlar bu işi özləri həll etməlidir. Mən gedib kimdənsə xahiş etməyəcəm ki, şəhid qardaşımın qəbrinin üstünü düzəldin. Ən azından maraqlanmalıdırlar ki, niyə şəhidin qəbrinin üstü düzəldilmir? Niyə gözləyirlər ki, biz müraciət edək?"

N.Mirzəyev deyir ki, məsələ ilə bağlı icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xaçmaz Rayon Dövlət İdarəsinə tapşırıq verib: "Biz də indi nəticəni gözləyirik. Amma hələ bir söz deyən yoxdur. Elvin medalla təltif edilib. Medal Milli Silahlı Qüvvələr günündə ailəmizə təqdim olunmalı idi. Amma vermədilər. Biz də naharat oluruq".

N.Mirzəyev hesab edir ki, şəhidlərin hər birinin ailəsi daima diqqət mərkəzində olmalıdır: "Şəhidin atası və anası var. Aidiyyəti qurumlar mütəmadi olaraq onların ailələrinə baş çəkib istəkləri, problemləri ilə maraqlanmalıdır. Bizdə isə əksinədir. Hər iki qurumun nümayəndələri qadaşımın 40-dan bizim evdən çıxandırlar".

Bahar RÜSTƏMLİ
AzNews.az