Yağlı su, ətirli hava, sirli daş, möcüzəli qadın əli…

6 İyul 2016 11:00 (UTC+04:00)

İnsana bu hissi aşılayan SPA diqqətimi çəkən sahələrdən biri olub. Bu yazımda bir çoxlarının ən az mənim qədər maraqlandığı, bir çoxlarının isə barəsində heç bir anlayışının belə olmadığı SPA barədə daha geniş məlumat verməyə çalşacam. Əminəm ki, bunu oxuduqdan sonra SPA-nın sağlam həyat tərzi seçənlər, ya da seçmək istəyənlər üçün nə qədər əhəmiyyətli olduğunu siz də təsdiqləyəcəksiniz.

Suyun möcüzəsi



"Su həyatdır", "insan ac qalar, susuz yox" kimi tarix boyu işlənmiş və bu gün də əhəmiyyətini qoruyub saxlayan fikirlər sadəcə söz deyil. Suyun həyatımızdakı əhəmiyyəti müqayisəolunmazdır. İnsan gün ərzində sadəcə 2 litr su içməklə nəinki sağlamlığını, eləcə də, gözəlliyini qoruyub saxlaya bilər.

Sadəcə içməkləmi?

SPA ilə tanışllqdan sonra əmin olacaqsınız ki, su, doğrudan da əsl möcüzələrə qadirdir.

Sudan gələn sağlamlıq



Barəsində söhbət açdığımız SPA- Sanus Per Aquam, yəni sudan gələn sağlamlıq deməkdir. Bu anlayış qədim romalılardan gəlib və artıq beynəlxalq terminə çevrilib. Romalılar bir çox xəstəliklərə qarşı məhz mineral su mənbələrində şəfa axtarıblar. "SPA" adını alan həmin üsul illər keçdikcə təkmilləşib. İndi insanlar suyun orqanizmə müalicəvi təsirini dərk edirlər. Hansı su prosedurasının ona uyğun olduğunu hər insan özü müəyyənləşdirir. Hansını seçdiyinizin isə qətiyyən fərqi yoxdur - kontrast duş, hovuz və ya sadəcə dənizkənarı qumlu çimərlik. Hər biri orqanizmin gəncliyini qorumaq və yaxşı əhval-ruhiyyədə olmaq üçün çox faydalıdır.

Hazırda dəriyə qulluq, daşlarla müalicə, nöqtələrlə masajlar SPA prosedurları olaraq məşhurlaşıb. Odur ki, insan nəinki sağlamlığını qorumaq, xəstəliyə qarşı müqavimətini artırmaq, sadəcə rahatlamaq üçün də SPA xidmətlərindən yararlana bilər.

Bir SPA prosedurasından sonra…



SPA proseduraları sellülit müalicəsində və profilaktikasında, piqment ləkələrinin müalicəsində, dəri xəstəliklərinin qarşısının alınmasında səmərəli istifadə edilir.

Müasir SPA salonları sağlamlığınıza və əhval-ruhiyyənizə yaxşı təsir edən geniş çeşiddə proqram və proseduralar təklif edir. Bədən çəkisinin azaldılmasına yönəldilmiş proseduralar isə xüsusilə geniş yayılıb. SPA prosedurlarından sonra dəri daha elastik və yumşaq olur. Bu prosedurlar nəinki dəriyə və dərialtı qata, həmçinin bütün orqanizmə yaxşı təsir edir. Əhval-ruhiyyə yaxşılaşır, iş qabiliyyəti yüksəlir, oynaqlardakı ağrılar yox olur, insan özünü daha yüngül hiss edir.

Bu, necə baş verir?

Su orqanizmin sağlamlığını və gümrahlığını təmin edir. Yosun ekstraktı və otlar bədənə təsir edərək orqanizmi möhkəmləndirir və sağlamlaşdırır. Otlar və balzam, içərisində efir yağları olan nisbətən duri, ətirli qətran orqanizmi canlandırır. Siz gözəllik, sağlamlıq və xoş əhval-ruhiyyə əldə edirsiniz. SPA proseduralarında işlədilən ətirli yağlar əhvalı yaxşılaşdırır və dərini canlandırır. Sauna kimi buxarlı SPA proseduraları orqanizmdən zərərli maddələri, zəhəri (toksin) çıxardır, ürək-damar sisteminin, tənəffüs və sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Müalicəvi otlarla olan və kontrastlı vannalar kiçik çanağa, böyrəklərə, sidik sisteminə yaxşı təsir edir. Kontrast duş dərini tonuslandırır, cavanlaşdırır, məsamələri təmizləyir.

SPA kimlərə lazımdır?



SPA bir mədəniyətdir. Bu bir həqiqətdir ki, həmin mədəniyyət hər kəsdə eyni təəssürat formalaşdırmayacaq. Çünki SPA mühiti hər kəsə eyni dərəcədə təsir etmir. Yəni bu aləmi hər kəs duya, anlaya, ondakı dərinliyi dərk edə bilmir. Buradakı ab-hava, məsələn ətrafdakı şamlar, musiqi sədası, cürbə-cür qoxular birini nağıllar aləminə, bir başqasını qorxulu evə apara bilər. Birinə rahatladıcı, başqasına tükürpədici təsir bağışlayar.

Əslində isə, SPA həyatın qarışıq səslərindən, hay-küyündən, stress və bitməyən əsəb gərginliklərindən ən yaxşı çıxış yoludur. Müasir dövrümüzdə hətta psixoloqlar belə öz pasientlərinə SPA məsləhət görür. Hətta qəbul saatlarında əsl SPA mühiti yaradan psixoloqlar da az deyil.

Kimlər istifadə edə bilmir?

SPA-ya müxtəlif yaş qrupundan olan sağlam insanlar maraq göstərir. Halbuki SPA-nın əsl məqsədi "yaxşılaşmaq" olduğundan, ondan fiziki cəhətdən qüsurlu olan yüzlərlə insan faydalana bilər. Bəlkə də həmin təbəqənin kənarda qalmasının əsl səbəbi belə mərkəzlər qurularkən qüsurlu insanların nəzərə alınmaması, onlara şərait yaradılmamasıdır. Fikrimcə, hər yerdə olduğu kimi, SPA-larda da əlillər üçün xüsusi şərait olmalıdır. Hazırda qüsurlu doğulan və ya sonradan sağlamlığını itirənlərin sayı milyonları keçib. Belə çıxır ki, SPA-nın həyati əhəmiyyət kəsb etdiyi böyük bir qrup bu xidmətdən yararlana bilmir.

SPA müasir dövrün ən böyük tələbatıdır

Fəaliyyətdə olan SPA-larının sayına görə İtaliya öndədir. Almaniya, İspaniya, İsveç, Avstriya və Türkiyə dünyada SPA-ya ən böyük tələbat olan ölkələrdəndir.

Üstəlik, ildən ilə bu tələbat daha da artır. Belə ki, Beynəlxalq SPA Birliyinin apardığı araşdırmanın nəticələrinə görə, SPA-ların sayında böyük artımlar müşahidə edilir. Dünyada ən yaxşı SPA-lar Almaniya, Fransa, İspaniya, Avstriya, Sloveniya və Slovakiyadadır.

Ölkəmizdə də son illər SPA mərkəzləri yaradılır ki, bu da insanların, xüsusilə də, qadınların sağlam orqanizm və gözəl xarici görünüşə malik olmaq istəyindən qaynaqlanır.

Kişilər də SPA-da



Sadəcə qadınlarınmı?

Əlbəttə ki, yox.

SPA masaj, ətirli yağlarla sauna kişilərin də ən çox müraciət etdiyi proseduralardandır. 10 il əvvəl SPA proseduralarına, əsasən qadınlar ehtiyac duyurdusa, indi kişilər də bu sahədə fəallaşıblar. Hazırda masaj və dəri baxımına üstünlük verən kişilər SPA qonaqlarının üçdə birini təşkil edir. Üstəlik, SPA həvəskarı kişilərin yaşı da getdikcə gəncləşir. Belə ki, əvvəllər 31-54 yaş arasındakı kişilərə rast gəlinirdisə, son illərdə 20-30 yaşlı SPA həvəskarı kişilər də çoxalıb. Özü də, sadəcə sağlamlığının qeydinə qalmaq üçün yox, həm də xarici görünüşünü qorumaq xatirinə.

Sirri mühitindədir

Bəs SPA-ya olan tələbatın günü gündən artmasının sirri nədədir?

"Rahatlanmaq, dincəlmək stresdən uzaqlaşmaq üçün masajisti evə çağırıb evdə də masaj qəbul edə bilərəm" – deyənlər, inanın ki, effekt eyni olmayacaq. Çünki SPA mühiti masajın effektini xüsusilə artırır. Yalnız SPA kimi kompleks proseduralar - su proseduralarının, hidromasajın, kosmetik proseduraların köməyilə rahatlana və bədəninizin qeydinə qala bilərsiniz.

SPA ilə arıqlayın



Nəinki rahatlanmaq, SPA ilə arıqlamaq da mümkündür. Üstəlik, bu cür arıqlamağın hərtərəfli üsrünlükləri var. Məsələn, arıqlamaq üçün həkim və diyetoloqlardan yardım alanlar klinika şəraitində keçirilən və tətbiq edilən proqramlardan qaçırlar. Onların əsas arqumenti isə məhz mühitlə bağlıdır. Klinikada özünü xəstə biri kimi hiss edən qadın və ya kişilərin arıqlamaq istəyi heç də tez və asan reallaşa bilməz. Lakin SPA mərkəzlərində təklif edilən arıqlama proqramları getdikcə özünü daha çox doğruldur. Pəhrizə başladıqdan sonra aclığın və ya doyunca yeyə bilməməyin səbəb olduğu əsəb və gərginlik SPA mühitində zəifləyir. İnsan özünü həm fiziki, həm də mənəvi baxımdan yaxşı hiss etməyə başlayır.

Beləliklə, SPA mərkəzlərində arıqlamaq istəyənlərə təklif edilən antisellülit və xüsusi arıqlama masajları, son vaxtlar əlavə olunan arıqlama aparatları, talasaterapiya, aromaterapiya yüksək nəticə verməkdədir.

Talasaterapiya



Talasaterapiya SPA-da vacib proseduralardandır. Dəniz yosunu ilə hazırlanan bu məhlul toksinləri dəridən təmizləyir. Prosedur məhlulun dəriyə çəkildikdən sonra sarğılanması yolu ilə həyata keçirilir. 35-40 dəqiqə sarğıda qalandan sonra yosun dəridən duş qəbul etməklə təmizlənir. Qeyd edim ki, bunun üçün sabun və ya hər hansı təmizləyici vasitələrdən istifadə olunmur. Bu prosedura nəinki arıqladır, dəridəki səpkiləri təmizləyərək gözəlləşdirir və sağlamlığa yaxşı təsir edir.

Cingiltili musiqi ilə masaj

SPA-da öz yeri olan Şeradara massajından danışmasaq, olmaz. Artıq bizim mərkəzdə də tətbiq edilən bu masajın vətəni Hindistandır. Xüsusi alətlərlə həyata keçirilən proseduranı bu sahədə təhsil alan mütəxəssislərimiz icra edir. Cingiltili səslərin müşayiəti ilə edilən massajın xüsusi rahatladıcı təsiri danılmazdr.

İsti daşlarla masaj...



SPA-da insanı yükləyən mənfi enerjidən xilas olmağın ən asan yolları da mövcuddur. Massaj vaxtı əlində tutduğu xüsusi daş insanı daxilindəki mənfi yükdən xilas edir.

QAYDALAR

Bu deyilənlərdən sonra SPA proseduraları qəbul etməyə qərar verdinizsə və bir SPA mərkəzinə üz tutmaqda qərarlısınızsa, özünüzlə nə götürəcəyiniz üzərində baş sındırmayın. Çünki SPA-da nə geyiləcəyi və mərkəzin bu istiqamətdəki qaydaları hər zaman maraq doğursa, hətta gərginlik yaradan suallardan biri olsa da, SPA qaydaları olduqca sadə və müştərilərin rahatlığına yönəlib. Belə ki, SPA mərkəzlərində müştərilərə dəsmal, xalat, xüsusi birdəfəlik ayaq geyimi verilir. Hamam və ya saunaya çimərlik geyimi kimi paltarlarla girilir. Qeyd edim ki, bu qayda sadəcə bizim mərkəzdə tətbiq edilmir. Bütün mərkəzlərdə bu xidmıt olmalıdır. Olmaması həmin mərkəzin çatışmazlığıdır.

Sizin öhdənizə düşən sadəcə, SPA-ya nəzərdə tutulan vaxtdan 15 dəqiqə əvvəl gəlməkdir. Çünki SPA-dan öncə duş qəbul etmək mütləqdir.

Bundan başqa, sağlamlığınız, bədəninizdəki problemli nöqtələrlə bağlı masajdan öncə mütəxəssisə mütləq məlumat verin ki, hər hansı yanlış müdaxilənin fəsadları ilə qarşı-qarşıya qalmayasınız.

Daha bir vacib məqam. SPA-da dincəlməyə qərar vermisinizsə, mobil telefonunuzdan da qurtulmalısınız. Onu da soyunma otağında qoyun ki, yaxşı dincələsiniz.

Uzun sözün qısası, qapıdan girdiyiniz dəqiqədən etibarən özünüzü buradakı mühitin təsirinə buraxın və sadəcə rahatlanın!

Xoşbəxtliyin sirri

Qəbul etmək istəməsək də, insanlar getdikcə yaşlanır, kökəlir. Zamana "dayan" demək mümkün olmasa da, yaşlanma prosesini ləngitmək mümkündür. Elə bu ümidlə də qadın və kişilər SPA kimi təbii və qədim üsulu yenidən kəşf edirlər. Hər ötən gün artan tələblərlə genişlənən, böyüyən SPA qarşıdakı illərin populyar peşəsi, ən çox qazanc gətirən işi, hətta dünya iqtisadiyyatına istiqamət verən sektor olmağa namizəddir. Beləliklə, bu gün xoşbəxt və yaxşı həyat tərzi təqdim edən mərkəzlərin başında SPA gəlir. Odur ki, SPA mərkəzlərinə maraq ildən ilə artır. Onu da qeyd edim ki, bu nə keçici həvəs, nə də əlavə lüksdür. Sözün əsl mənasında, zəruri ehtiyacdır. Gərgin iş rejimi, stress, əsəb gərginliyi beynimizdə müəyyən yüklənməyə səbəb olur. Ona görə də heç olmasa,10 gündə bir dəfə hansısa SPA prosedurası qəbul edərək özümüzə kömək etməliyik. Bu sağlamlıqdır və hamının haqqıdır.

Sonda onu da qeyd edim ki, Kornel Universitetinin araşdırması nəticəsində SPA-ya gedənlərlə, getməyənlər müqayisə edilib. Nəticə çox maraqlıdır. Sən demə, SPA-ya gedənlər özlərini yaradıcı, az stressli hiss edir və işdə daha operativ qərarlar verirlər.

Bəs siz niyə özünü yaxşı hiss edənlərdən biri olmayasınız?

Nazənin Axundova - "Sultan Saba" Sağlamlıq mərkəzinin rəhbəri
Xüsusi olaraq AzNews.az üçün