Qüsurlu uşağa hamilə olan qadın nə etməlidir? - Professor cavablandırır

8 İyul 2016 14:15 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, sözügedən sualları Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor İbrahim İsayev cavablandırıb.

-İbrahim müəllim, pediatriyanın çətin sahələrindən biri məhz uşaq kardiologiyasıdır. Uşaqlarla işləmək sizə çətin deyil ki?

-Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hər il hesabatında həm böyüklər, həm də uşaqlar arasında ən çox yayılan xəstəliklərin statistik məlumatları verilir. Son illərin göstəricilərinə əsasən isə demək olar ki, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artmaqdadır. Bunun əsas səbəblərindən biri məhz insanlar arasında bu patalogiyanın daha çox yayılması ilə deyil, bizim diaqnostik imkanlarımızın artması ilə əlaqədardır. Burda da həkim-kardioloqların üzərinə çox böyük məsuliyyət düşür.

Böyüklərdən fərqli olaraq, uşaqlarda bu xəstəlikləri müəyyənləşdirmək çətindir. Belə ki, böyüməklə əlaqədar olaraq uşaqların ürəyində müəyyən inkişaf uyğunsuzluqları müşahidə olunur. Böyüklərdə bu xəstəliyin əlamətləri daha tez bəlli olursa, uşaqlarda isə tam əksinədir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq ürəyin özünün də həm funksional, həm də morfoloji böyüməsi yaşa uyğun gedir. Və hər yaşda heç də ürəyin bütün hissələri paralel şəkildə böyümür, bu zaman müəyyən uyğunsuzluqlar meydana gəlir. Hazırda müayinə üsullarının informativliyinin artması ilə əlaqədar əksər hallarda pediatr-kardioloq olmayan həkimlər - böyüklərə baxan kardioloqlar bunu patalogiya kimi qiymətləndirirlər. Əslində isə bu patalogiya deyil. Uşaqların böyüməsi ilə əlaqədar ürəkdə əmələ gələn bu və ya digər dəyişikliklərdir. Bu nöqteyi nəzərdən mən hesab edirəm ki, bizim sahəmiz çətindir.

- Uşaqlarda hansı yaş dövründə bu xəstəliklərə daha çox rast gəlinir?

-Uşaqlardakı kardioloji xəstəliklərin yaşla asılılığı daha çoxdur. Son zamanlar anadangəlmə ürək qüsurlu doğulan uşaqları daha çox müşahidə edirik. Sonrakı yaşlarda əsasən məktəbəqədər dövrdə ürək-damar sistemi tərəfindən ilk vaxtlarda aşkar edilməyən anadangəlmə ürək qüsurları, inkişaf uyğunsuzluqları meydan çıxa bilər. Məktəb yaşlarında isə getdicə artıq funksional ürək-damar sistemi xəstəliklərinin tezliyi və qazanılma intensivliyi getdikcə artır.

-Uşaqların ürək qüsurlu doğulmasında ətraf mühit və digər amillərin (stress, qida, yaşayış şəraiti) nə kimi təsiri var?

-Populyasiyada uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir. Yəni hər 100 doğulan uşaqdan təqribən birində anadangəlmə ürək qüsuru patalogiyası müşahidə olunur. Bunun da diaqnostikası, yaranma səbəbləri və qarşısının alınması səhiyyəmizin qarşısında duran ən əsas problemlərdən biridir. Bu xəstəliyi hansı səbəblər daha çox yarada bilər sualına gəldikdə isə, mən deyərdim ki, bu multifaktorlu, yəni çoxsəbəbli bir patalogiyadır. Bunun əmələ gəlməsində konkret olaraq hər hansı bir amil əsas rol oynamır.

Amma əksər hallada 70-80% genetik faktorun rolu xüsusi vurğulanır. Əgər valideyninin birində ürək-damar sistemində problem varsa, uşaqda da bu özünü biruzə verəcək. Qalan 20% isə digər səbəblər təşkil edir. Bura əsasən ananın özünün sağlamlıq vəziyyəti, xüsusilə də anada şəkərli diabetin olması, arterial hipertenziyanın, qan azlığının, qəbul edilən dərman preparatlarının, sinir sistemi xəstəliklərinin, böyüdüyü sosial şərait, stress, gərginlik, qidalanma kimi amillər də daxildir.

Əgər ilk uşaqda anadangəlmə ürək qüsuru varsa, ikinci uşaqda bu 30%, üçüncü uşaqda isə artıq bu göstəricinin 50% yaranma ehtimalının artdığını demək olar. Yəni valideynlərin, ən əsas da ananın sağlamlığı əsas rol oynayır.

-Analara məsləhətləriniz nədir?

-İlk olaraq, valideynlər qüsurlu uşağın doğulmamasına çalışmalıdırlar. Ona görə də ailə qurarkən gənclər mütləq genetik müayinədən keçməlidirlər. Hazırda ölkəmizdə də bununla bağlı ciddi işlər görülür. Hər bir cütlük evlənmədən öncə tibbi müayinədən keçməsi mütləqdir. Bu bir çox xəstəliklərin, eləcə də genetik xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

İkinci isə oğlan və qız hər ikisi də gələcək ailələrinin sağlamlığının qorunmasının qeydinə qalmalıdır. Zərərli amillərdən kənar olmaq vacib şərtdir. Bunlardan başlıcası isə narkotik vasitələrindən, geni dəyişdirilmiş modifikasiya olunmuş qida məhsullarından (GMO), yarımfabrikatlardan qorunmaqdır. Əsasən qız uşaqları üçün bu amillər vacibdir. Bəzi analar heç qızlarının uşaq vaxtı hansısa xəstəliyi keçirib-keçirmədiyinə fikir vermirlər, amma onlar bilməlidir ki, bunun da gələcəkdə hansısa xəstəliyin yaranmasında birbaşa rolu vardır. Hətta uşaqlıq dövründə həddən artıq günəş şüaları qəbul etmək, bu da gələcəkdə genetik xəstəliyin yaranmasında başlıca faktordur.

Analar ilk olaraq, sağlam həyat tərzi tədbirlərinin gücləndirilməsinə çalışmalıdırlar. İkincisi isə uşaqlarda anadangəlmə ürək qüsurlarının olmaması üçün hamiləlik zamanı dölün ürəyinin vəziyyətinin yoxlanılmasıdır. Bu hallarda 12-ci və 20-ci həftədə dölün ürəyində olan qüsuru hal-hazırki Fetal exokardioqrafiya(Fetal Exo) ilə yoxlamaq mümkündür. Yəni bu zaman uşaq hələ ana bətnində ikən onda ürək qüsurunun olub-olmaması aşkar edilə bilər.



-Əgər uşaq hələ ana bətnində olarkən belə qüsur aşkarlanarsa nə kimi tədbirlər görülə bilər?

-Əsas effektiv tədbir həmin uşağın bətndaxili dövrdə dölün ürəyində olan patalogiyanın həyatla uyuşmazlığıdır. Əgər kobud qüsur varsa, yəni bunun sonradan korreksiyası mümkün deyilsə, bu zaman hamiləliyin pozulması məsləhət görülür. Ya ana uşağın belə ağır qüsurla dünyaya gəlməsinə razı olmalıdır və sonradan bu problemlə mübarizə aparmalıdır, ya da hamiləliyə son verməlidir. Son vaxtlar Azərbaycanda insanlar arasında qəribə bir tendensiya var, hər kəs övladının cinsiyyəti maraqlandırır, hətta imkan olmasa belə bunun üçün maddi vəsait axtarıb tapırlar. Amma bir dəfə də olsun həmin hamilə qadın USM-də uşağının ürəyində hansısa bir problemin olub-olmadığını yoxlatdırmır. Analar bilməlidir ki, 20 həftəyə qədər ürək tam formalaşır, bunu da yoxlatdırıb uşağında hansısa bir problemin olub-olmadığını bilməsi vacib şərtdir. Bu zaman yarana biləcək ağır qüsurların qarşısını almaq olar.

-Elə olubmu ki, belə bir hal aşkar edilsin və həmin ana hamiləliyi davam etdirməkdən imtina etsin.

-Bəli, bununla bağlı hətta statistik göstəricilər də var. Hamilə qadın mütləq hamiləliyin ilk mərhələsində Fetal exokardioqrafiyadan (Fetal Exo) keçib, dölün ürəyinin vəziyyətini yoxlatdırmalıdır. Əgər dölün ürəyinin vəziyətində həyati uyuşmaz qüsur varsa, bu valideynə də mütləq şəkildə çatdırılır. Son qərar isə əlbətdəki valideynin özündən asılıdır. Mən həkimlik fəaliyyətim dövründə hələki belə bir vəziyyətlə qarşılaşmamışam.

- Valideynlər uşaqlarda hansı əlamətlərinə görə anadangəlmə ürək qüsurunun olduğunu müəyyən edə bilərlər?

-İlk olaraq qeyd edim ki, hamiləlik dövründə analar uşağın hərəkətinin necə olmasından, həmçinin müayinələr zamanı bunu müəyyən edə bilər. Müayinə zamanı dölün də ürək döyüntülərinin olub-olmaması və necə formalaşmasını yoxlatdırmaq vacib şərtdir. Uşaq anadan olandan sonra onun inkişafdan geri qalması həmin uşaqda ürək qüsurunun olmasının göstəricilərindən biridir. Burda əsasən uşağın ananın döşünü əmərkən tez yorulması, əgər uşaq 15 dəqiqədən az əmirsə bu deməli ürək-damar sistemi tərəfindən patalogiyanın olmasını göstərir. Bu ilk əlamət sayılır. Bəzən bunun tənəffüs patalogiyasından da asılı olduğunu deyə bilərik. Çəkinin, boyun ləng artması, uşağın başını gec tutması, gec iməkləməsi, qucağa meyillik, adi bir hərəkətdə uşağın rənginin dəyişməsi və s. kimi hallar da onda bu xəstəliyin əlamətlərinin başlıca faktorlarıdır.

Bunlar iki qrupa bölünür: ağ və göy qüsurlar.

Bu qüsurlarında özünün ortaya çıxma əlaməti var. Göy qüsurlar asanlıqla aşkar oluna bilər. Belə ki, uşaq ağladığı zaman bunu müəyyən etmək olur. Ama digərində isə valideynlər daha diqqətdi olmalıdırlar. Uşağın inkişafına və buna uyğun olaraq çəki artımına fikir verməlidirlər. Ən əsası isə uşağın tez-tez xəstələnməsidir. Bunu bəzən analar soyuqdəymə kimi qəbul edirlər. Amma ola bilsin ki, bu da ürəkdə olan problemlə əlaqədardır.

-Belə uşaqları müalicə etmək mümkündürmü?

-Anadangəlmə ürək qüsurları özü də ağırlıq dərəcəsinə görə bölünür. Elə uşaqlar var ki, onlara anadan olan kimi cərrahi müdaxilənin edilməsi mütlədir, amma elə problemlər var ki, onlar 1 yaşa qədər gözlənilməlidir. Uşaqlarda yüngül qüsurlar zamanı onları tez-tez müayinələrdən keçirtməklə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olar. Valideynlər uşaqlarını 5 yaşına qədər ildə bir dəfə mütləq kardioloji müayinədən keçirtməlidirlər.

Çünki vaxtında uşaqların müayinəyə gətirilməsi, bu bir çox problemlərin zamanında aşkarlanmasına və buna qarşı effektiv tədbirlərin görülməsinə köməklik edəcəkdir. Uşaqların özü tərəfindən olan hansısa bir şikayəti isə valideyn qulaqardına vurmamalıdır. Şikayət hansısa bir bədən üzvündə funksional deyil, üzvi dəyişiklik əmələ gəlməklə başlaya bilər. Bu zaman ürək öz funksiyasını lazımınca yerinə yetirə bilmək iqtidarında olmayacaqdır.

-Məktəb yaşlı uşaqlarda ürək xəstəlikləri sırasında ən geniş yayılmışı hansıdır?

-Uşaqlarda arasında anadangəlmə ürək qüsurlarından sonra ən çox yayılan xəstəlik növü, məhz aritmiyalardır. Hələ 20-30 il əvvəl heç kim uşaqlarda aritmiyanın olmasını ağlına belə gətirə bilməzdi. Hal-hazırda uşaqlara arasında aritmiya, işemiya(infarkt) hallarına daha çox rast gəlinir. Ona görə ki, o zamanlar səhiyyəmiz o qədər də inkişaf etməmişdi və bizim belə xəstəlikləri ortaya çıxarmaq üçün diaqnostik imkanlarımız məhdud səviyyədə idi.

Böyüklərdən fərqli olaraq, uşaqların ürəyi işemiyaya dözümlü olur. Ona görə də diaqnoz qoymaq çətin olurdu. Amma indi səhiyyəmiz daha sürətlə inkişaf edir, bir çox xəstəxanalarımız müasir standartlara cavab verən cihazlarla təmin olunub. Və bunun sayəsində biz uşaqlarda hələ ana bətnində olarkən belə qüsurları- işemiyaları aşkarlaya bilirik. Aritmiyalar əksər vaxtlarda sonradan qazanılmış patalogiyalar hesab olunur. Artimiyaların əmələ gəlməsində əsas səbəblər isə uşağın keçirdiyi xəstəliklər, sinir amili pozulması, vegetativ pozğunluqlardır.

-Azərbaycanda uşaq kardiologiyası sahəsində hansısa yeniliklər varmı?

- Ölkəmizdə uşaq kardiologiyası son zamanlar tibbin ən yüksək səviyyəyə qədər çatmış sahələrindən biridir. Klinikamızda da Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişaf fondunun qrantı hesabına yaradılmış Uşaq Kardioloji funksional kabineti fəaliyyət göstərir. Və biz bu kabinetdə olan avadanlıqların sayəsində uşaqlara vaxtında və düzgün diaqnoz qoymaq imkanına sahibik.