İdmançıları məhv edir, apteklərdə açıq satılır - Qadağan edilmiş dərmanlar haqda ARAŞDIRMA

9 İyul 2016 11:19 (UTC+04:00)

Ən maraqlısı isə odur ki, Bakıda ən məşhur apteklərdə həmin dərmanlar açıq-aşkar şəkildə satılır və hər kəs həmin dərmanları rahat şəkildə ala bilər.

Bəs tərkibində qadağan olunmuş dərmanlar olan preparatları necə seçmək olar?

AzNews.az dopinq tipli dərmanların ölkəyə daxil olması, yoxlanılması və satışı ilə bağlı araşdırma aparıb.

Mütəxəssislər adətən lazımlı preparatları idman qidaları satılan yerlərdən almağı məsləhət görürlər. Amma yenə də ehtiyatlı olmaq gərəkdiyini də vurğulayırlar. Çünki ucuz dərman adı ilə alınan dərmanların tərkibində qadağan olunmuş maddələrin olması təhlükəsi var.

Araşdırmamız zamanı məlum oldu ki, dopinqli dərmanların inqredientlərində "steroids" sözü yazılır.



İdman vitaminlərini istehsal edən bəzi firmalar tərkibi açıq şəkildə yazır, bəziləri isə tərkibindəkiləri gizli saxlayırlar. Məqsəd qadağan olunmuş preparatlar sayəsində vitaminin effektini artırmaq, müştəri cəlb etməkdir.

"Bizim proteindən dopinq çıxdı"

Bu cür qurbanlar içərisində bizim ağır atletlərimiz də olub.

Dopinqdə suçlanan, istəmədən bu dərmanın qurbanı olmuş Avropa çempionu, keçmiş ağır atlet Zülfüqar Süleymanov:



"Bizə 2010-cu ildə protein vermişdilər. Yoxlama zamanı qanımızda dopinq aşkarlanmışdı. Sonradan dedilər ki, buna səbəb içdiyimiz protein olub. Öyrəndik ki, dərmanın tərkibi düzgün göstərilməyibmiş"

Bəs tərkibi gizlədənlər, idmançıları dopinqə qurban edənlər hansı şirkətlərdir? Adi vitamin qəbul etdiyini zənn edən, lakin bəlaya düşənlər həmin şirkətləri məhkəməyə vermirlər?

Z.Süleymanov: "Belə şirkətlər çoxdur. Onlar arasında Bolqarıstan, İtaliya, İran kimi ölkələrin dərman firmaları var. Sadalanan ölkələrin dərman şirkətlərinin istehsal etdiyi dərmanların tərkibi düzgün göstərilmir, nəticədə idmançının karyerasına zərər vurulur.

Bolqarıstan 2010-cu ildə həmin şirkətlərdən birini məhkəməyə verdi və uddu. Bizimkilər isə heç nə etmədilər".

Bəs hansı şirkətlərin dərmanları təmizdir?

Mütəxəssislər bildirir ki, Amerika və Almaniyanın tanınmış şirkətləri var ki, oradan alınan idman vtiaminlərinin tərkibi təmizdir. Ancaq bu da hər kəsin büdcəsinə görə deyil, çox bahadır. Məcbur olub ucuz vitaminlər axtaranlar isə tələyə düşür.

Qəribəsi isə ondadır ki, idman mütəxəssislərinin dediyinə görə, bu cür dərmanları ancaq qaçaqmalçılıq yolu ilə əldə etmək olur. Qanuni yollarla heç bir yerdə tapmaq mümkün deyil.

***

Maraqlıdır, hər kəs rahat şəkildə aptekdən idman dərmanlarını əldə edə bilərmi? Satılan dərmanların tərkibində dopinqin olmadığına necə əmin olmaq olar?

Suallarımızı Azərbaycanın idman preparatları satan məşhur apteklərinə ünvanladıq.

Bəzi apteklərdən bu cür dərmanları satmadıqlarını bildirdilər, bəziləri isə suallardan boyun qaçırmaqla kifayətləndi. Ancaq suallarımızı cavablandıranlar da tapıldı.

AVİS aptek:



"Bizə həmin dərmanlar depodan gəlir. Amma gətirildiyi ölkələr müxtəlifdir. Amerika və Polşadan gətirilən dərmanlarımız var.

Bizdə satışda olan idman preparatlarının tərkibində A, C, D, E, vitaminləri, kalsium, maqnezium var. Tərkibində steroids yazılan dərman bizdə olmur.

Bu vitaminlər üçün resept tələb olumur. Dopinq tərkibi olan dərmanları satmırıq".

"Çıraq" aptek:



"Bizdə satışda həm gücləndiricilər, həm də vitaminlər var. Bu dərmanların da tərkibində amin turşuları var. Ancaq tərkibində qadağan olunmuş maddələr yoxdur, qətiyyən dopinq xarakteri daşımır".

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səfaya Əhmədova bu cür dərmanlara lisenziyanı onların vermədiyini bildirib: "Onlara lisenziya verilməsi üçün biz sertifikat vermişik. Buna Sanitariya-Karantin Müfəttişliyi baxır".

Sanitariya-Karantin Müfəttişliyinin epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov isə ölkəyə buraxılan idman vitaminlərinin tərkibində dopinqin yoxlanılmasına onların nəzarət etmədiyini dedi: "Ümumiyyətlə Respublika ərazisində idxal olunan məhsulların laborator müayinəsi hüquqi və fiziki şəxslərin rəsmi müraciəti əsasında həyata keçirilir. Belə ki, digər məhsullar kimi idmançılar üçün nəzərdə tutulmuş qidalar da müayinələrə cəlb edilərkən əvvəlcə onların müşahidəedici sənədləri təqdim olunur. Və götrülmüş nümunələrin sanitar gigiyenik normalara görə müayinəsi aparılır. Yəni təhlükəsizlik göstəricilərinə görə yoxlanılır. Lakin sanitar gigiyenik normalarda dopinqin yoxlanılması nəzərdə tutulmur. Ona görə də bu müayinə növünün aparılmasının bizim laboratoriya və təşkilata bir aidiyyətı yoxdur.
Amma mənim öz şəxsi fikrimcə, bu qidalar satışa verildiyi üçün onların tərkibinə dopinqin vurulması inandırıcı deyil.

Bu vitaminlərin hansı ölkələrdən gətirilməsinə gəldikdə, isə ən çox Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. Ancaq BƏƏ-nin istehsalı deyil. Bu vitaminlərin hamısı ABŞ-da istehsal olunur".

Peşəkar idmanda dopinqlə necə mübarizə aparmaq olar?

Bu sualımıza boks üzrə peşəkarlar arasında dördqat dünya və Avropa çempionu Azad Əzizov belə cavab verdi:



"Mən çox vitamin qəbul etmirəm, əsas düzgün qidalanmağa üstünlük verirəm. Buna da çalışıram. Vitaminlər qəbul edəndə də, həkimlərin məsləhəti ilə edirəm".

Aygün İLQARQIZI
AzNews.az