“Erkən nikahlara yox!”

11 İyul 2016 15:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, layihə çərçivəsində, iyul ayının 8-i Salyan rayonunda valideyn qadınlarla ictimai dinləmələr, növbəti gün isə ekspertlər tərəfindən yeniyetmə qızlara interaktiv üsullarla təlim keçirilib və daha sonra iştirakçılarla ətraflı müzakirələr aparılıb.

Statistikaya görə, erkən nikahlara ən çox məruz qalan regionlardan biri olan Salyan rayonunda həyata keçirilən ictimai dinləmə və təlim zamanı Azəri Gənclər Alyansının sədri L.Məmmədli "Erkən nikahlara yox!" adlı layihəni açıq elan etdikdən sonra yeniyetmə və qadınlara dünyada geniş yayılmış erkən nikahlar haqqında məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq və gələcəyin layiqli vətəndaşları olmaqdan ibarət olduğunu bildirib. Daha sonra isə ekspertlər tərəfindən təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, tövsiyyələr verilib və interaktiv üsullarla mövzu ilə bağlı oyunlar həyata keçirilib. Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində cari ilin avqust ayınadək Lənkəran, Lerik rayonlarında da gənc və qadınlara təlim və ictimai dinləmələr keçirilib, daha sonra isə sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaq. Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonların kəndlərində 11-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək, Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.