PKK-nın girə bilmədiyi tək kənd - Şəhidin həyat hekayəsi

12 İyul 2016 14:30 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Turanbeg 1979-cu ildə vətənini tərk etmək məcburiyyətində qalan və Türkiyəni vətəni bilən minlərlə qırğız türkündən biri olub. Turanbeg Günocakın yaşadığı Ulupamir kəndinin hekayəsi 80-ci illərə söykənir.



SSRİ 1979-cu ildə Əfqanıstanı işğal edəndə, Pamir Yaylasında yaşayan qırğız əhalinin bir qismi Əfqanıstanı tərk etmək məcburiyyətində qalıb. Onlar əvvəl Pakistana köç ediblər. Lakin Pakistanın isti iqliminə öyrəşə bilməyiblər. Bundan sonra Türkiyənin Pakistandakı səfirliyinə müraciət edərək kömək istəyiblər. Bu istək 1982-ci ildə qəbul edilib. 1150 qırğız təyyarələrlə Türkiyəyə gətirilib.

Onlar əvvəl Malatya və Vanda yerləşiblər. 1985-ci ildə isə Turqut Özalın göstərişi ilə kütləvi şəkildə mənzil tikintisi administrasiyasının (TOKİ) mənzillərinə keçiblər. Qırğızların istəyi ilə də kəndin adı Ulupamir olub.



"PKK-nın girə bilmədiyi tək kənd bizimkidir"

Kəndin muxtarı Eyüphan Koşar kəndlərinin bundan sonrakı hekayəsini isə belə danışıb: "1988-ci ildə PKK terroru başlayanda məmləkətimizi qorumaq üçün sipər olduq. Əhalimiz hazırda təxminən 2500-ə qədərdir və kişilərin 90 faizi gözətçilik edir. PKK terror təşkilatının girmədiyi tək kənd bizim kəndimizdir. Qanımız, canımız bahasına PKK-nı kəndimizə buraxmadıq və buraxmayacağıq da".



Oğlu da terrorla mübarizə aparır

25 ildir qoruyucu olan qırğız türkü Turanbeg Günocakın pensiyaya çıxmasına 1 ay qalmışdı. Günocak barədə danışan kəndin muxtarı Eyüphan Qoşuronun təcrübəli bir gözətçi olduğunu qeyd edib: "5 uşağı var. 3-ü oğlandır və ən böyüyü gizirdir. O da terror bölgəsində vəzifə daşıyır və PKK ilə mübarizə aparır. Digər uşaqlarını oxudub. Qızları universitet məzunudur. Bir oğlu bu il liseyin sonuncu sinfindədir. Bir övladı isə liseyə yeni başlayıb. Onsuz da bizim kəndimizin cavanlarının 90 faizi oxuyur. Oxumayan isə yoxsulluqdan məktəbə gedə bilmir".



Aydan AXUNDOVA