Poroşenkonun Azərbaycana gəlişindən nə gözləyək? - Şərh

12 İyul 2016 20:58 (UTC+04:00)

Poroşenkonun Bakıya gəlişinin əhəmiyyəti, səfərin səbəbləri və gözləntilərlə bağlı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov fikirlərini bildirib.

AzNews.az Qafqazinfo-ya istinadən Hikmət Cavadovun məsələ ilə bağlı şərhini təqdim edir:

"Ukrayna və Azərbaycan prezidentlərinin görüşü çoxdan gözlənilən siyasi hadisədir. Geniş coğrafiyanı əhatə edən siyasi və ictimai aktiv auditoriya bu görüşün baş tutmamasının səbəblərini müxtəlif formatlarda müzakirə edirdi.

Azərbaycan hökumətinin Ukraynaya artıq 1 ildir ki, səfir göndərməməsi isə Ukrayna – Azərbaycan münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrə istədiklərini həyata keçirmək üçün daha rahat və asan şərait yaradıb. Ukraynanın indiki hökumətinin iqtidara gəlməsində UABD-nin də əməyi keçib. Ukrayna ilə Azərbaycan münasibətləri hər zaman hərarətli olub. Hətta dünyadakı siyasi aktivliyi nəzərə alsaq prezidentlərin mütləq surətdə qəti qərarlar verəcəyini güman etmək olar. Rusiyanın Ukraynaya qarşı düşmən mövqeyində olması danılmaz faktdır və Azərbaycanın Ukraynaya qarşı loyal mövqe tutması da Şimal qonşumuzun siyasi iradəsi olmadan mümkün deyil".

Diaspor rəhbəri qeyd edib ki, Lavrovun Bakıya son səfərində Ukraynanın yeni antirusiya mövqeli hökumətilə Azərbaycanın quracağı münasibətlərin hərarətinin dərəcəsi belə müzakirə olunub:

"Çünki Ukrayna prezidenti hər zamanki kimi Azərbaycana iqtisadi dəstək almaq üçün gəlir. Bu dəstəyin alınması başqa dövrlərdən fərqli olaraq Rusiya Federasiyasının Ukraynanın iqtisadiyyatını çökdürmək üçün apardığı qlobal siyasi prosesin fonunda baş verə bilərmi? İnandırıcı deyil.

Azərbaycanın Rusiya ilə Ukraynanı barışdırma çabaları da çabadan uzağa gedə bilməz. Ukraynanın Rusiyayla barışığı Paroşenko hökumətinin sonu deməkdir".