“Söyün Sadıqovu ermənilərin adamı hesab etmək olar”

23 Noyabr 2012 14:30 (UTC+04:00)


Rusiyada fəaliyyət göstərən "AzərRos" təşkilatının rəhbəri, iş adamı Söyün Sadıqovun politoloq Mübariz Əhmədoğlu barəsində söylədiyi fikirlərə qarşı tərəf cavab verib.

Politoloq M.Əhmədoğlu AzNews.az-a açıqlamasında bildirib ki, S.Sadıqovun söylədiyi fikirlərin heç biri doğru deyil: "Vaxtilə ermənilərin mənim barəmdə söylədiyi fikirləri S.Sadıqov indi təkrarlayır. S.Sadıqovun söylədiyi fikirlər həm də Azərbaycan-Rusiya münasibətlərinə ciddi xələl gətirir. Hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsilə məşğul olur.

Hazırda Azərbaycan və Rusiya arasında yaxşı münasibətlər mövcuddur. Azərbaycan Rusiyanın strateji müttəfiqidir, Azərbaycana hər hansı təzyiq Rusiyanın maraqlarına ziddir. S.Sadıqovun dediyinə görə, guya, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər gərgindir. Bu qətiyyən belə deyil.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. S.Sadıqov buyurub həmin məktubu oxuya bilər. Sadəcə olaraq ermənilər şayiə buraxıblar ki, guya, İlham Əliyevlə Vladimir Putin arasında münasibətlər soyuqdur. Mən bir daha bəyan edirəm ki, bu kimi fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Rəsmi Moskva Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması ilə bağlı məsələyə aydınlıq gətirib. Əgər S.Sadıqov "erməni tələsi"nə düşübsə, o zaman onu ermənilərin adamı hesab etmək olar. S.Sadıqov bu yaxınlarda Moskvada ermənilərlə keçirdiyi görüşdə Dağlıq Qarabağla bağlı söz demək cəsarəti tapmayıb. S.Sadıqov doğrudanda oliqarxdırsa, o zaman ermənilərlə mübarizə aparsın. Mən S.Sadıqov barəsində çox məlumatları bilmişəm, amma indiyədək heç yerdə bu barədə nəsə deməmişəm. Mən özümlə bağlı mətbuatda heç nə deməmişəm, yalnız şərhlərimlə mətbuatda qalmışam. İnanın ki, mətbuatda ən çox adı çəkilən adamlardan biri mənəm. Mən heç bir sosial şəbəkədə də mövcud deyiləm"

Vasif Həsənli
AzNews.az