Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

15 İyul 2016 09:02 (UTC+04:00)

AzNews.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

Məlumat üçün bildirək ki, imtahanda 25 956 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22 044 abituriyent I qrup üzrə, 3 912 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 23 540 nəfəri (I qrup üzrə 19 995, IV qrup üzrə 3545 nəfər) Azərbaycan bölməsinin, 2 416 nəfəri (I qrup üzrə 2 049 nəfər, IV qrup üzrə 367 nəfər) isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 15 067 nəfəri (I qrup üzrə 13 873 nəfər, IV qrup üzrə 1 194 nəfər) oğlanlar, 10 889 nəfəri (I qrup üzrə 8 171 nəfər, IV qrup üzrə 2 718 nəfər) isə qızlardır.

25 457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.
Bakı şəhərində 11 516, Naxçıvanda 1097, Gəncədə 3 178, Sumqayıtda 1 647, Mingəçevirdə 1 208, Şəkidə 1 752, Ağcabədidə 876, Göyçayda 1 331, Şirvanda 969, Lənkəranda 1 359, Xaçmazda isə 1 000 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 129 nəzarətçi-müəllim cəlb olunacaq.