Diqqət: Fransa terrorunda açar FOTO - Hökumət xəbərdar olub, polis terrorçunu öldürməyib

15 İyul 2016 13:46 (UTC+04:00)

Fransa mətbuatı yerli polis orqanlarının terrorçunu tanımasından yazır. Üstəlik, polisin terror aktının törədilməsindən xəbərdar olması, lakin bu haqda kəşfiyyat orqanlarına məlumat vermədiyi barədə iddialar da irəli sürür.

Bütün bu iddiaları nəzərə alaraq, terrorla bağlı yayılan materiallara diqqət edərkən AzNews.az-ın əməkdaşlarının diqqətini maraqlı bir məqam çəkib - Bayrama toplaşanların üzərinə gedərək çox sayda insan ölümünə səbəb olan yük maşınının sürücüsünün polis tərəfindən "zərərsizləşdirilməsi" anı.

Görünür ki, sürücü 84 nəfəri öldürdükdən, 100-dən çox adamı yaraladıqdan sonra polis tərəfindən öldürülüb...

Lakin hadisədən sonra çəkilən fotolara diqqətlə baxanda bir neçə vacib suallar meydana gəlir. Belə ki, həmin yük maşının ön şüşəsinə diqqət etdikdə aydın görünür ki, sürücünün oturduğu istiqamətə bir atəş belə açılmayıb. Maşının ön şüşəsinin sürücü tərəfi istisna olmaqla, digər hər yeri dəlmə-deşikdir, amma sürücü istiqamətində bir güllə izi var ki, onu da yəqin son anda – hadisə bitəndən, tapşırıq yerinə yetiriləndən sonra açıblar. Güllə hədəfə dəyib və o, ölüb.



Bu məqamla bağlı öncə 2 variant irəli sürülə bilər:

1. Fransa polisi çox qeyri-peşəkar olub ki, terrorçunu düzgün nişan ala bilməyib.

2. O qədər peşəkar olub ki, maşının ön şüşəsini dəlik-deşik edib, lakin terrorçu tərəfə bir atəş belə açmayıb.

Məsələ ilə bağlı müəmmalı məqamları nəzərə alaraq AzNews.az-ın əməkdaşı keçmiş MTN-çilərin də fikirlərini öyrənib.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri İlham İsmayılov yaşanan hadisədə daxildən məlumat sızdırılması ehtimalının yüksək olduğunu bildirib:



"Terrorda içəridən ötürülən məlumat, edilən yardım olmasa, terror aktı effektli olmur. Ola bilsin ki, daxildən bu məsələyə şərait yaradan şəxs olub. Düzdür, birmənalı şəkildə məsələdə Fransa polisinin əli olduğunu qeyd etmək olmaz. Lakin zaman-zaman bu kimi hadisələrdə kimlərinsə ələ alınmasına, kimlərdənsə istifadə olunmasına rast gəlirik. Bu məsələdə nəzərə alınmalı başqa bir məqam da var. Fransa polisi ilə amerikan polisini fərqləndirmək lazımdır. Amerikan polisi ən xırda bir detalda atəş aça bilir. Amma Fransa polisi üçün bu hal keçərli deyil. Yəni Fransa polisi son ana qədər əmin olmadan atəş açmır. Hər halda terror davam edir. Və dünyanın yeni düzəni qurulmasa terror daha şiddətli formada davam edəcək".

Polis tərəfindən sürücü tərəfə bilərək atəş açılmaması və ya polisin qeyri-peşəkarlığı məsələsinə gəldikdə isə İlham İsmayılov bildirib ki, bu, tamamilə təsadüf də ola bilər: "İnanmıram ki, fransız polisi qeyri-peşəkar olsun. Sadəcə kurort bölgəsinin polisləri paytaxt Paris və digər şəhərlərdəkinə nisbətən belə hadisələrlə daha az rastlaşırlar. Ola bilsin ki, qəfil baş verən terror önündə çaşqınlıq yaşayıblar".

Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər bu kimi suallara cavab vermək üçün hadisə barədə konkret olaraq araşdırma aparılmalı olduğunu bildirib:



"Hər dəfə belə bir hadisə olduqda, həm polisin, həm xüsusi xidmətlərin özünün daxili araşdırma qrupları tərəfindən məsələ tədqiq edilir. Hər hansı şübhə yaradacaq, cinayət tərkibi ola biləcək nüans olduqda istintaq başlayır. Hazırda konkret fikir söyləmək çətindir. Sürücü tərəfə atəş açılmaması diqqət cəlb edir. Lakin bunu araşdırmadan polisin cinayətin iştirakçısı olmasını, qeyri-peşəkar olduğunu və ya terrorçu ilə üzbəüz gələrkən qorxu hissi keçirdiyini demək çətindir. Qiymətləndirmə üçün araşdırma aparılmalıdır. Polisin belə bir niyyəti olmasa belə, bu görüntü xüsusi xidmət orqanının ən az daxili araşdırması üçün predimet olmalıdır. Ola bilər ki, hadisə yerinə peşəkar polislər göndərilməyib".

Bir məqamı da xatırladaq. İyulun 13-də Fransanın Türkiyənin paytaxtı Ankara və İstanbuldakı səfirlikləri bağlanmışdı. Səfirliklər ətrafına xüsusi qorumalar çəkilmiş və ətrafı polis tərəfindən nəzarətə götürülmüşdü. Bundan başqa, Ankara, İstanbul və İzmirdə iyulun 14-də "Bastiliya qalasının alınması" bayramı münasibətilə təşkil edilməli olan tədbirlər ləğv edilmişdi.

Görünən odur ki, Fransa rəhbərliyi həmin bayram günü hansısa terror hadisəsinin törədilmə ehtimalından xəbərdar imiş.Bu səbəbdən də Fransa siyasi elitası son zamanlar Türkiyənin daha çox terror hədəfində olduğunu düşünüb və buna görə də tədbirlərini ləğv edib, lakin ölkə daxilindəki bayram şənliklərində təhlükəsizlik tədbirlərinə o qədər də ciddi yanaşmayıb.

Aydan AXUNDOVA
Nigar ETİBAR
AzNews.az