Uşaqlar “Buz dövrü: Toqquşma qaçılmazdır”ın nümayişində - Fotolar

15 İyul 2016 15:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ictimai nümayişdə kino və incəsənət xadimləri, görkəmli ictimaiyyət, o cümlədən şou-biznes, KİV nümayəndələri, tanınmış bloqerlər iştirak ediblər. Animasiya filmləri ilə bağlı əvvəlki ictimai nümayişlərdə olduğu kimi, bu dəfə də nümayişdə çoxlu sayda uşaq iştirak edib. Park Cinema kinoteatrlar şəbəkəsi və Film Distribution şirkətinin təşkil etdikləri ictimai nümayişin sponsoru Shokki Mokki olub.

Əksər tamaşaçıların uşaqlıqdan bəri seyr etdikləri "Buz dövrü" animasiya franşizinin qəhrəmanları əvvəlki hissələrdə sağ qalmış mamontları tapmağı, selin qarşısnı almağı və hətta dinozavrlar dünyasında olmağı bacarıblar. "Cəsur heyvanları daha nə kimi sınaqlar gözləyə bilər ki?" sualı yarana bilər, axı onlardan bəzisi hətta ailə belə qurublar. "Buz dövrü" seriyası – dünya kinematoqrafiya tarixində miqyasına görə ikinci animasiya franşizidir. "Buz dövrü: Toqquşma qaçılmazdır" filmi franşizin ən irimiqyaslı və ambisiyalı layihəsidir – bu film "Buz dövrü" seriyasında xüsusi yer tutacaq.

Azərbaycanda premyerası dünən baş tutan "Buz dövrü: Toqquşma qaçılmazdır" (ABŞ-da premyera iyulun 22-də) filmi Blue Sky Studios studiyasının və 20th Century Fox şirkətinin istehsalı olan "Buz dövrü" animasiya filmləri seriyasının sayca beşincisidir.
Franşizin beşinci hissəsinin rejissorları Mayk Törmayer və Qalen T.Çu, prodüseri isə Lori Fortedir.