“Azdrama” mövsümə yekun vurdu

18 İyul 2016 12:52 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yekunla bağlı tədbirdə teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət çıxış edib. O, yola salınan mövsümün Akademik Milli Dram Teatrı üçün səmərəli olduğunu bildirib: "Ənənəvi olaraq teatr mövsümünün həm bağlanış, həm də açılış mərasimini "Qarabağnamə" tamaşası ilə edirik. Akademik Milli Dram teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır. "Qarabağnamə"ni inşallah Şuşada oynayacağıq. Yola saldığımız mövsümdə uğurlarımızla yanaşı itkilərimiz də oldu. Xalq artisti İlham Əsgərovu itirdik. Allah etsin ki, itkilərimiz gec-gec olsun, yeni-yeni tamaşalar təhvil verək, tamaşaçılarımızı sevindirək".

Xalq artisti Nurəddin Mehdixanlı yola salınan mövsümdə Akademik Milli Dram Teatrında bir neçə uğurlu tamaşanın təhvil verildiyini diqqətə çatdırıb: "Teatr xalqın sərvətidir, teatr mədəniyyət ocağıdır. Akademik Milli Dram Teatrında bu mövsümdə "Ölülər", "Müfəttiş" və başqa tamaşalar təhvil verildi. Biz ciddi tamaşalarla ciddi imtahanlar veririk. İnşallah itkilərimiz az olsun, yeni səhnə əsərləri ilə tamaşaçılarımızı hər zaman sevindirək".

Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev və başqaları ifa edirlər. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

AzNews.az