Aqroparklara güzəştli kredit verildi - 43 milyon manat

21 İyul 2016 20:44 (UTC+04:00)

AzNews.az-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında qeyd olunub.

İclasda bildirilib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60.6 milyon manat güzəştli kredit verilib.

Təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

Xaçmaz rayonununda 523 hektar ərazidə yaradılmış Yalama Aqroparkında 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4.5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub. Hazırda aqroparkda 1100 baş cins heyvan saxlanılır. Artıq bu heyvanlardan 471 baş bala alınıb.

Təsərrüfatda gündəlik 10 tondan artıq süd emala göndərilir. Qısa müddətdə emala gedən südün həcminin gündəlik olaraq 25 tona çatdırılması gözlənilir. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri - yonca, arpa və qarğıdalı əkilib.

Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda Yalama aqroparkında 100 daimi iş açılmış, daha 50 nəfər mövcümi işlərə cəlb olunub. Layihənin II mərhələsinin icrası əlavə olaraq 100 daimi iş yerinin açılmasına imkan yaradacaq.

Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamalanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. II mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir.

Azərbaycanın digər bölgələrində də aqroparkların yaradılması məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.