Bağlanan bankların əmanətçilərinə kompensasiya veriləcək - Avqustun 1-dən

25 İyul 2016 21:25 (UTC+04:00)

Əmanətlərin Sığortalanması Fondundan AzNews.az-a verilən məlumata görə, adıçəkilən qurum Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinad edərək bildirir ki, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-də sığorta hadisəsi baş verib. "Əmanətlərin sığortalanması haqqında" qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.1-ci maddəsinə uyğun olaraq, bu bankların qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə bu ilin avqust ayının 1-dən başlanacaq və bu haqda ətraflı məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və 02 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.