Satışa çıxarılan zərərli pomidorlar... - Ekspert “zolaqlı” məhsulun “sirrini” açdı

26 İyul 2016 13:14 (UTC+04:00)

Məsələ ilə bağlı AzNews.az-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, fermerlər saxlanma müddətini uzatmaq üçün bu cür məhsullar yetişdirirlər: "Fermerlər davamlı, möhkəm sortlar yetişdirirlər. Həmin sortlar xarici ölkələrdə, xüsusən də Avropada yetişdirilir və onlar bu il Azərbaycana da gətirilib. Bu pomidorlar istixana şəraitində yetişdirildiyi üçün onladra inkişaf intensif şəkildə gedir. Adi halda, açıq şəraitdə yetişdirilsə, nisbətən yaxşı olar".

V.Məhərrəmovun fikrincə, bu sort pomidorlar tam yetişməmiş məhsuldur: "Əgər onun tərkibində nitrat çoxdursa, insan orqanizmi üçün zərərli olan maddələr çoxdursa əlbəttə onunla qidalanmaq olmaz. Bəzi mütəxəsislər deyir ki, pomidorlarda olan ağ zolaqlar nitratın çox olmasından xəbər verir. Amma bu sortlarla bağlı onu demək olmaz. Yeni texnologiya var, onun vasitəsilə həmin pomidorların yaxşı yetişməsinə nail olunacaq. Bu, Yaponiya texnologiyasıdır. Həmin üsulla pomidorlar sanki açıq havada olduğu kimi yetişəcək. Lakin onun nə zərəri olacaq, nə də pomidor kimi faydası".

Bahar RÜSTƏMLİ
AzNews.az