Hərbi prokuror ordudakı cinayətlərdən danışdı

26 İyul 2016 15:33 (UTC+04:00)

Məlumata görə, bu barədə respublikanın hərbi prokuroru Xanlar Vəliyev bu gün Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verib. X. Vəliyev qeyd edib ki, hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 83,2 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

X. Vəliyev bildirib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında qeydə alınmış bütövlükdə hərbi xidmət əleyhinə cinayətlər, o cümlədən konkret olaraq tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları ümumiyyətlə törədilməyib. Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub: "Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı qeydə alınıb. Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin qarşısının tam alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi vaxtaşırı ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləş­mələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zə­ru­ri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüv­və­lərdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları ha­zırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

X. Vəliyev həmçinin qeyd edib ki, cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 25 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 935 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 105 təqdimat göndərilib, 120 nəfərə xəbərdarlıq edilib, 11 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 207 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Diqqətə çatdırılıb ki, hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 76 şəxs barəsində 61 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

APA.az