Mənsimovun klubuna niyə kömək etmədilər? – “Külli miqdarda borcları var idi”

27 İyul 2016 11:52 (UTC+04:00)

O, Mübariz Mənsimovun rəhbəri olduğu cənub klubuna yerli qurumlardan dəstək gəlmədiyini bildirmişdi. "Qarşı tərəfdən (AFFA və PFL-dən) bir nəfər də olsa, "XL"in qapısını döymədi. Klub rəhbərliyindən kimisə çağırıb demədilər ki, Azərbaycan futbolu üçün bu qədər iş görmüsunüz, bu vəziyyətdə sizin üçün nə edə bilərik?!" – deyən H.Cəbrayıloğlunun bu fikrinə hər iki qurumun münasibətini öyrəndik.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu AzNews.az-a açıqlamasında bildirdi ki, hər şey klubun öz əlindədir: "Klublarla bağlı PFL-dən məlumat alsanız daha yaxşıdır. Çünki klublara PFL baxır. Bundan əlavə komanda müstəqildir, müstəqil də siyasət yürüdür. Hər klubun şəxsi sponsoru var. Açığını deyək ki, çempionatı keçirən PFL-dir. Həmçinin, klub FİFA tərəfindən cəzalanıb, AFFA tərəfindən yox... Klubun cəzası beynəlxalq futbol qurumu tərəfindən kəsilib, yerli federasiya tərəfindən deyil. Hansısa beynəlxalq qurumu klubu cəzalandırırsa, onların özləri müraciət etməli, apelyasiya məhkəməsinə baş vurmalı idi. "Xəzər Lənkəranın" bu sahədə təcrübəsi var. Vaxtı ilə UEFA-nın qərarını dəyişiblər, öz haqlarını müdafiə ediblər. İndi hər şey onların öz əlindədir, yenidən qayıtmaları da..."


PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəliyev isə saytımıza açıqlamasında klubun bağlanılmasına səbəb kimi onların borcunun olmasını göstərib: "Xəzər Lənkəran" klubunun futbolçularla bağladığı müqavilələrə görə ciddi problemləri vardı. Bəli, "Xəzər Lənkəran" klubu 10 il ərzində Azərbaycan futboluna xidmət etdi, rəng qatdı. Amma klubun fəaliyyətini dayandırmasına səbəb oyunçulara olan külli miqdarda borclarıdır. Borcların çox olduğunu klub rəsmiləri də dəfələrlə etiraf edib. Belə məqamda klubun 3 yolu vardı – klubun adının dəyişdirilməsi, borcların ödənilməsi və fəaliyyətin dayandırılması. "Xəzər Lənkəran" da sonuncunu seçdi. Əlbəttə ki, biz belə bir klubun Premyer Liqada olmamasına görə təəssüflənirik. Xəzər Lənkəran" müstəqil bir klubdur. Klubla bağlı qərarları biz yox, klub özü qəbul edirdi.Söhbət maliyyə məsələsinə gəldikdə isə Peşəkar Futbol Liqasının buna müdaxilə etməyə gücü yoxdur".

Aygün İlqarqızı
AzNews.az