Sabiq millət vəkili konstitusiyaya ediləcək dəyişikliklərdən danışdı

28 İyul 2016 11:57 (UTC+04:00)

Ə. Abdullayev bildirib ki, bu dəyişikliklər hər bir vətəndaşımızın xeyrinədir və ölkəmizin bundan sonra da çiçəklənməsinə xidmət edəcəkdir: "Ölkəmizin inkişafı və çiçəklənməsi naminə Prezident İlham Əliyev çox böyük islahatlar həyata keçirir. Belə islahatlardan biri isə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı ilə əlaqədar verilmiş sərəncamdır. Sərəncama əsasən 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi keçiriləcək. Səsvermə zamanı ölkə əhalisi Azərbaycanın əsas qanunu olan Konstitusiyasına bəzi əlavələr və dəyişikliklərə öz münasibətini bildirməlidir. Bu dəyişikliklər təklifinə AR Konstitusiya Məhkəməsi Plenumu öz rəyini artıq bildirmiş və "Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur" şəklində qərarı verilmişdir".

DTGB İB-nin sədri qeyd edib ki, digər bir tərəfdən, ictimai çevrələr və cəmiyyətin müxtəlif təbəqələri Konstitusiyaya ediləcək dəyişikliklərin müsbət xarakterli olduğunu vurğulamaqda, ölkəmizin güclənməsinə və inkişafına xidmət edəcəyini təsdiqləməkdədirlər: "Ölkənin idarə olunması, insanların mülkiyyət və digər hüquqlarının genişlənməsi, bələdiyyələrin səlahiyyətləri, hərbi və mülki quruculuğunun gücləndirilməsi və bu kimi sahələrdə Konstitusiya dəyişiklikləri gözlənilir. Xüsusi ilə idarəçilikdə və mərkəsi icra orqanlarının formalaşmasında yeni mərhələnin başlandığının şahidiyik. Belə ki, Azərbaycanda Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması ölkə rəhbərliyinin keçirdiyi islahatları daha da aktiv və dönməz xarakterli olunması üçün nəzərdə tutulub.

Eyni şəkildə istifadəsiz qalmış və ya təyinatına görə istifadə olunmayan torpaqların üzərində vətəndaşların mülkiyyət haqqının məhdudlaşdırılması kənd təsərrüfatına təkan məqsədi güdməkdədir.

Bələdiyyələrin vətəndaşların qarşısında daha da məsuliyyətli olmaları üçün mülki məsuliyyət daşıdıqlarını Konstitusiya dəyişikliklərində görmək sevindiricidir.

Eyni şəkildə hər bir vətəndaş dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər".

Ə. Abdullayev Azərbaycanda son illər ərzində gedən inkişafdan da danışıb: "Ümumiyyətlə, Azərbaycanda son illər ərzində gedən inkişaf və bu inkişafın davamlı olması üçün lazım olan islahatlar sadəcə qanunlar səviyyəsində qala bilməzdi. Dəyişikliklərin Konstitusiya səviyyəsində təsdiq olunması milli və ictimai-siyasi tələbat idi.

Düşünürəm ki, ümumxalq səsverməsi zamanı hər kəs öz mövqeyini bildirməkdə çətinlik çəkməyəcək və heç bir məhdudiyyətlə üzləşməyəcək. Çünki, bu dəyişikliklərin hər bir vətəndaşımızın xeyrinə olduğunu, ölkəmizin bundan sonra da çiçəklənməsinə xidmət etdiyini hər kəs bilir və dəstəkləyir. Xalq öz rəhbərliyinə inanır və onunla birlikdə addımlayır. Dövlətimizin və xalqımızın birlik və bərabərliyini biz bu dəfə də görəcəyik və hamılıqla yeni islahatların keçirilməsinə başlayacağıq".

Ə.Abdullayev dövlətimizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərdən danışaraq bildirib ki, bu hücumları dəf etməyə çalışan Azərbaycan Respublikası və xalqı bu gün dünyada gedən proseslərdə öz mövqeyini sərt şəkildə qoruya bilən Azərbaycandan fərqli idi.

DTGB İB-nin sədri vurğulayıb ki, o illərin ən əsas çatışmazlığı dövlət idarəçiliyinin nə olduğunu bilən hakimiyyətin yoxluğu idi: "1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayan yüksəlmə və inkişaf, sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri və əməyi nəticəsində daha da irəli gedərək, regionun ən güclü dövləti, dünyada isə sayılan və mövqeyi ilə hesablaşılan dövlətin yaranmasına səbəb oldu.

Azərbaycanın addım-addım dünyanın inkişaf etmiş ölkələri sırasına doğru getdiyini görməmək mümkün deyil. Bu inkişafın təməlində yatan siyasət, demokratik islahatların keçirilməsi, mülki və hərbi quruculuq işində nizam-intizamın təmin olunması, insan haqlarının qorunması kimi bəşəri və milli təcrübəyə söykənməkdədir. Bu siyasəti xalq bəyənir və dəstəkləyir".

Modern.az