​Avropa Komissiyası TANAP üçün qrant ayıracaq

28 İyul 2016 16:46 (UTC+04:00)

Bu barədə TANAP-dan bildirilib.

Qeyd olunub ki, şirkətin Avropa Komissiyasına etdiyi müraciət müsbət qarşılanıb.

Bu, TANAP-ın Avropa Komissiyasından aldığı dördüncü yardımdır (qrant). TANAP-ın qazandığı qrant dəstəyi ümumilikdə 10,3 mln. avroya çatıb. Hazırda bu məbləğin 2,5 mln. avro hissəsi təqdim edilib, digər hissəsi isə fəaliyyətlərə görə alınacaq.
TANAP-ın Komissiyada dəstəklənməsi üçün uyğun görülən fəaliyyətləri bunlardır: ətraf mühitin monitorinqi - 2 mln. avro, TANAP SCADA sistemi, Çanaqqala boğazı və Meriç çayının keçidlərinin mühəndisliyi - 2,5 mln. avro, boru xətti təhlükəsizlik sisteminin mühəndisliyi - 2,2 mln. avro.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Report.az